
"Bu, uğurlu nəticədir. Daha yaxşısını da bacara bilərdim".
Sportnet.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “II New Look Cup” beynəlxalq turnirdə 1 qızıl, 1 gümüş və 1 bürünc medal qazanan Azərbaycanın bədii gimnastı Güllüzar Şərifova deyib.
O, halqa ilə hərəkətlərdə qızıl, alətsiz gümüş, bütün hərəkətlərin cəmində isə bürünc medala sahib çıxdığını xatırladıb.
Gimnast Ocaq Kubokunda halqa ilə çıxış edəcəyini və hədəfinin qızıl medal əldə etmək olduğunu bildirib: "Ən böyük hədəfim olimpiya qızılına yiyələnməkdir. Medal qazanmayanda pis oluram. Çünki bunun üçün çox çalışıram. Bədii gimnastımız Zöhrə Ağamirova kimi titullar əldə etmək istəyirəm".
Qeyd edək ki, Azərbaycan gimnastları Tbilisidə ümumilikdə 11 qızıl, 9 gümüş və 5 bürünc medal qazanıblar