
“Bu il bizim üçün əsas hədəf ehtiyat qüvvəni sınamaq və 2028-ci il Los-Anceles Yay Olimpiya Oyunları üçün döyüşkən komanda formalaşdırmaqdır. Bu yöndə işlərimiz davam edir”.
Sportnet.az xəbər verir ki, bu sözləri Azərbaycan Cüdo Federasiyasının (ACF) icraçı vitse-prezidenti Rəşad Rəsullu Qubada keçirilən Avropa Kubokunun açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.
Federasiya rəsmisi yarışın təşkilati işlərinin uğurla həyata keçirildiyini bildirib:
“Bu, bizim üçün iki baxımdan çox vacib yarışdır. Birincisi, yeniyetmə idmançılar arasında baş tutdu və onlar öz peşəkarlıqlarını göstərdilər. Bu baxımdan, onlar müəyyən təcrübə əldə edir və cüdo biliklərini inkişaf etdirirlər. Digər tərəfdən, yarış Qubada təşkil olunub.
Bundan sonra da ACF olaraq, belə yarışları regionlarda təşkil etmək fikrimiz var. Fevralda Bakıda Böyük Dəbilqə turniri keçirildi. Növbəti il isə cüdo üzrə dünya çempionatı Azərbaycan paytaxtında təşkil olunacaq. Regionlarda da belə yarışların təşkili cüdonun inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır. Bu yaş qruplarında nəticə o qədər də əhəmiyyət daşımır. Yəqin ki, qızıl medallarımız olacaq. Amma bunlar o qədər də önəmli deyil. Hər gün onlar cüdo biliklərini artırırlar. Bu da bizi sevindirir”.
Rəsullu Böyük Dəbilqənin bölgələrdə keçirilməməsinin səbəbləri barədə də danışıb: “Böyük Dəbilqənin öz tələbləri var. Bunlardan biri də texniki tələblərdir. Təəssüf ki, Azərbaycanın regionlarında həmin texniki tələblərə imkan verən yer yoxdur. Gəncə İdman Sarayı belə həmin tələblərə cavab vermir. Biz ona görə də Böyük Dəbilqəni ənənəvi qaydada keçirmək məcburiyyətindəyik. Gələcəkdə elə bir seçimizi olacaqsa, niyə də bölgədə keçirməyək?!”
İcraçı vitse-prezident 23 - 27 apreldə Monteneqronun paytaxtı Podqoritsadakı Avropa çempionatında Azərbaycan cüdoçularının göstərdikləri nəticələrdən də söz açıb: “Fikrimcə, komandamız yaxşı çıxış etdi. 7 çəki dərəcəsinin 5-də medal aldıq.
Bu da idmançılarımızın fərdi inkişafının nəticəsi idi. Hesab edirəm ki, komandamız yaxşı inkişaf yolundadır. 13 - 20 iyunda Macarıstanın paytaxtı Budapeştdə təşkil olunacaq dünya çempionatı üçün heyət bir müddət sonra açıqlanacaq. Hazırda mundialda iştirakla bağlı nə isə demək çətindir. Bizim səylərimiz də bütün çəki dərəcələrində medal əldə etmək yönündədir. Kişilərdə 9, qadınlarda isə 3-4 idmançımız iştirak edəcək”.