Azərbaycanın qadınlardan ibarət voleybol klublarının avrokuboklarda iştirak etməməsinin səbəbi müəyyənləşib.

 

Bu barədə Sportnet.az-a federasiyanın prezidenti Şahin Bağırov açıqlama verib.

 

Bağırovun sözlərinə görə, bu, komandaların hazırlıq səviyyələri ilə əlaqədardır: "Klub səviyyəsində gələcəkdə avrokuboklarda təmsil olunmağı hədəfləyirik. Amma bunun üçün böyük hazırlıq görülməlidir. Tam güvənli və tam dayanıqlı klublar yaradılmalıdır".

 

Əvəzində qurum rəhbəri 2026-cı ildə qadınlardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatında mübarizə aparacağını vurğulayıb: "Oyunların bir neçəsi Azərbaycanda keçiriləcək. Hədəfimiz qitə çempionatında yaxşı təmsil olunmaq, yaxşı nailiyyətlər göstərmək və qrup mərhələsini keçməkdır".

 

Qeyd edək ki, Azərbaycanı qadın voleybolçular arasında Çempionlar Liqasında sonuncu dəfə 2016/2017 mövsümündə "Azərreyl" təmsil edib. Sonrakı mövsümlərdə yalnız CEV Kuboku və Çağırış Kubokunda təmsilçilər olub. 2025/2026 mövsümündə isə qitəmiqyaslı turnirlərdə heç bir klub çıxış etməyəcək. 2026-cı il Avropa çempionatı 21 avqust - 6 sentyabrda Türkiyə, Çexiya, İsveç və Azərbaycanda təşkil olunacaq.