
"Artıq 5 ildir ki, marşal kimi fəaliyyət göstərirəm. Biz könüllü olaraq Azərbaycanda keçirilən Formula 1 yarışlarında iştirak edirik".
Sportnet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Formula 1 üzrə Azərbaycan Qran Prisinin marşal təlimlərinə qatılan Kamilə Abdullayeva deyib.
O, əsas vəzifələrinin yarış trasında müəyyən nöqtələrdə dayanaraq təhlükəsizliyi təmin etməkdən ibarət olduğunu bildirib: "Mən “grid” (start düzülüşü - red.) zonasında, həmçinin trek üzərində müəyyən postlarda dayanıram. Biz marşallar rejissorlarla və yarışın idarə heyəti ilə sıx əməkdaşlıq edirik. Əlimizdə sarı bayraqlar olur və hər hansı təhlükə - qəza, avtomobilin dayanması və ya trekdə maneə yaranması hallarında biz bu bayraqları yelləyərək sürücüləri xəbərdar edirik. Bu siqnalları görən pilotlar dərhal sürəti azaldır və təhlükəyə diqqət yetirirlər.
Bu, növbəti qəzaların qarşısını almaqda çox vacib rol oynayır. Bizim bu vəzifəmiz yarışın təhlükəsiz və qaydalara uyğun şəkildə keçməsinə xidmət edir".
Qeyd edək ki, Azərbaycan Qran Prisi 19 - 21 sentyabrda keçiriləcək.