
Sərbəst güləş üzrə milli komandamızın üzvü Osman Nurmaqomedov (92 kq) Sportnet.az-a dünya çempionatına hazırlıqdan danışıb.
– Avqustda Türkiyədə təlim–məşq toplanışı keçdiniz. Son hazırlıq prosesi isə Bakıda baş tutdu. Bununla bağlı nə deyə bilərsiniz?
– Türkiyədəki toplanış yaxşı keçdi. Hazırlıq prosesində 4-5 komanda iştirak edirdi. Xalça üzərində məşqlərə daha çox yer ayrıldı və səhvlər üstündə işlədik. Bakıdakı toplanışda isə yoxlama görüşlərinə üstünlük verildi. Zədəsiz başa vurduq. Hər şey yaxşıdır, uşaqlar da yaxşı formadadır.
– Komandada əhval-ruhiyyə necədir?
– Komandanın əhval-ruhiyəsi yüksəkdir. Yüksək səviyyədə toplanışlar keçdik və güləşçilərimiz qələbəyə köklənib.
– Yarışa özünüzü tam hazır sayırsınız?
– Özümü yaxşı hiss edirəm, hər şey qaydasındadır.
– Bir neçə dəfə dünya və Avropa çempionatının finalında məğlub olmusunuz. Bu, nəyin nəticəsidir?
– Hamısında qələbəyə çox yaxın olmuşam. Yəqin ki, həmin görüşlərdə çatışmayan idman xoşbəxtliyi olub.
– Əsas rəqibləriniz kimlərdir?
– 92 kq-da güclü rəqiblər çoxdur. Onların zəif və güclü tərəflərini təhlil etmişəm, qalib gəlməyin yolunu bilirəm.
– Fərdi keyfiyyətlərinizi yaxşılaşdırmaq üçün hansı detallar üzərində işləyirsiniz?
– Parter üzərində, ayaqlarla işləməyə və görüşlərin sonluğuna diqqət ayırdıq. Bu da yaxşı forma yığmağa imkan verdi.
– Sərbəst güləşdə 8 illik qızıl medal həsrətinə son qoymağa hazırsınız?
– İlk növbədə özümə sübut etmək istəyirəm ki, mən dünya çempionu ola bilərəm. Bunun üçün əlimdən gələni edəcəyəm.
– 92 kq qeyri-olimpiya çəkisidir. Növbəti Olimpiya Oyunlarında hansı çəkidə güləşməyi planlaşdırırsınız?
– Səhhətim imkan versə və ciddi zədə olmasa, gələcəkdə 97 kq-a keçməyi düşünürəm.