16 - 19 apreldə Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək Avropa çempionatından əvvəl cüdo üzrə kişilərdən ibarət Azərbaycan yığmasının baş məşqçisi Riçard Trautmanın Sportnet.az-a müsahibəsi:
- Avropa çempionatına hazırlıqlar necə gedir?
- Avropa çempionatına az müddət qalıb. Komandada hazırlıq istədiyim, gözlədiyim kimi gedir. Martın sonlarında Tiflisdə beynəlxalq təlim-məşq toplanışında olduq. Məşqlər yaxşı keçdi. Son hazırlıqlarımızı Bakıda keçirik. Əlbəyaxa idman növü olduğundan, burada zədələr qaçılmazdır. Lakin bu bizi narahat etmir. Sadəcə, bir məsələ oldu ki, 66 kq çəki dərəcəsində Ruslan Paşayev zədələndiyi üçün adı iştirak ərizəsindən çıxarıldı. O, Turan Bayramovla əvəz olundu. Təbii ki, Avropa çempionatı ilin ən vacib yarışlarından biridir və biz məşqçilər heyəti üçün də belədir. Unutmamışıq ki, bu il Dünya çempionatı Azərbaycanda, Bakı şəhərində olacaq. Bu baxımdan Avropa çempionatı ilin ən vacib ikinci yarışıdır. Əsas hədəfimiz dünya çempionatıdır.
- Bəs Avropa çempionatından gözləntilərin nədir?
- Hər il bu sualı alıram və hər dəfəsində eyni cavabı verirəm. Cüdoda nəyisə təxmin etmək olmur. Hər an qalib də gələ, məğlub da ola bilərsən. Amma yaxşı komandamız var. Hər çəkidə medal qazanma şansına malikik. Keçən il Avropa çempionatından 5 medalla qayıtdıq. Bu il də eyni nəticəni təkrarlaya bilsəydik, əla olardı. Sadəcə, keçən il Avropa çempionatında qızıl medal çatışmırdı. Bu il ümid edirik ki, qızıl medal qazanarıq.
- Əsasən kimlərə ümid bəsləyirsiniz?
- 60 kq-da Əhməd Yusifov və Balabəy Ağayev var. Hər iki idmançı bizim əsas ümidlərimizdir. Ağayev iki il əvvəl Avropa çempionatında gümüş, Yusifov isə keçən il bürünc medal qazanmışdı. Ümid edirəm onlar nəticəsini daha da yaxşılaşdırarlar. 66 kq-da Turan Bayramov var. Yeni addır. Ancaq ümumi olaraq yox, sadəcə çəkisində yeni addır. Yeni çəkidə 3 dəfə güləşib. Tiflisdəki Böyük Dəbilqədə çox yaxşı çıxış etdi və gümüş medal qazandı. 73 kq-da təmsilçimiz oimpiya çempionu Hidayət Heydərovdur. Təbii ki ondan gözləntilərimiz daha böyükdür. 81 kq-da Zelim Tskayev yer alıb. Tskayev də hazırlığını yaxşı keçib və ona ümidliyik. Digər idmançımız isə yeni ad - Ömər Rəcəblidir. Onun bu ili əla keçib - 3 qızıl medal qazanıb. Onlardan biri də Özbəkistanın paytaxtı Daşkənddə keçirilmiş Böyük Dəbilqədə olub. 90 kq-da Murad Fətiyev var. Ən çətin çəkilərdən biridir. Rəqibləri sırasında iki gürcü idmançı var ki, onlardan biri olimpiya, digəri dünya çempionudur. Fətiyev isə hər ikisi ilə döyüşdə qələbə qazanıb. Niyə də təkrarlamasın? 100 kq-da daha bir Olimpiya çempionu Zelim Kotsoyevdir. Düzü, hazırlığı yaxşı keçə bilməsə də, ən yaxşı formasında olmasa da, yaxşı formadadır. Ondan ümidliyik, gözləntilər yüksəkdir. Ən ağır - 100 kq-dan yuxarı çəkidə isə bizi Kənan Nəsibov təmsil edəcək. O da Ömər Rəcəbli, Tural Bayramov kimi yeni addır. Neçə illərdi ki, bu çəkidə Azərbaycanda yetişən yerli yox idi. Nəsibov isə istisnadır. O da son ildə yaxşı yarışlar keçirib. Favorit olmasa da, ondan gözləntilərimiz var.
- 100 kq-dan yuxarı çəkidə əvvəllər lider sayılan Uşangi Kokauri nəinki Avropa çempionatına yollanan heyətdə, heç bugünkü məşqdə də yoxdur. Tbilisiyə aparacağınız Kənan Nəsibov özünü yarışa hazır hesab edirmi?
- Uşangi bütün məşqlərdə iştirak edib. Dünən axşam fiziki hazırlıq məşqlərində belində ağırlıq hiss etdiyi üçün bu gün ona istirahət verilib. O hələ də güclü idmançıdır. Bizim ondan əlavə, Camal Qamzatxanovumuz da var. 2-3 yaxşı idmançımız var ki, onlarla gələcəyə ümidliyik. Əvvəllər bizdə bu çəkidə idmançı sayı az idi. Lakin indi hər şey müsbətə doğru gedir. Onların sayının çox olması yaxşı rəqabət mühiti yaradır. Ən yaxşı kim olacaqsa, 2028-ci il Los Anceles Yay Olimpiya Oyunlarına da o gedəcək.
- Hidayət Heydərova Daşkənd Böyük Dəbilqəsində çəkisini sala bilmədiyi üçün cəza tədbirləri gördünüz. O hadisədən sonra özünü necə hiss edir?
- Hidayət Heydərovun özünü necə hiss etdiyini elə özündən soruşsanız, daha yaxşı olar. Amma son 2 həftədir ki, onu pozitiv görürəm. Mən bu vəzifəyə gəlməmişdən öncə də Hidayət çəkisalma ilə bağlı bəzən problemlər yaşayıb. Amma indiyə qədər böyük yarışlarda belə bir çətinliyinin olduğunu, çəki problemi yaşadığını görməmişik. O, hər zaman belə nüfuzlu turnirlərdə öz sözünü deyir.
Mikayıl HACIYEV

















































































