Azərbaycan milli komandasının qadın voleybolçusu Olena Həsənova "Azerreyl" Voleybol Bazasında jurnalistlərin suallarını cavablandırıb.
Sportnet.az həmin müsahibəni təqdim edir.
- Qarşıda sizi çətin oyunlar gözləyir. Əvvəlcə IV İslam Həmrəylyi Oyunları, sonra isə dünya çempionatının seçmə mərhələsi və Avropa çempionatı var. Nə düşünürsünüz?
- Bütün matçlar önəmlidir. Hamısına yaxşı hazırlaşmaq lazımdır. Məşq edirik və yarışlara köklənməyə çalışırıq.
- İslamiadanın hazırlıq prosesinə başlamısınız. Məşqlər necə gedir?
- Hələlik Bakıda hazırlıq keçirik. Aprelin 15-dən Sloveniyada 2 həftəlik toplanış olacaq. Məşqlər çox yaxşı keçir. Bütün elementlər üzərində işləyirik.
- Cari mövsümdə "Telekom”un heyətində uğurlu mövsüm keçirdiniz və Azərbaycan çempionu oldunuz. Başqa klubdan təklif var, yoxsa hazırkı komandanızda qalacaqsınız?
- "Telekom”la müqaviləmin müddəti başa çatıb. İslamiadada oynayaq, sonrasına baxarıq. Adətən, transferlər böyük turnirlərdən sonra olur.
- Hansı ölkənin çempionatında oynamaq istərdiniz?
- Hamısı yaxşıdır. İtaliya və Türkiyə çempionatlarından xoşum gəlir. Əlbəttə, orada çıxış etmək istərdim.
- Ukraynalı olsanız da, Azərbaycan milli komandasını seçdiniz. Bu, ailəniz tərəfindən necə qarşılandı?
- Bəli, ailəmlə düşünüb, qərar verdik. Azərbaycan yaxşı variantdır. Sevinirəm ki, bura gəlmişəm. Bu ölkə voleybolçu kimi yetişməyimdə mənə dəstək olub. Azərbaycan yığmasını seçməyi düzgün qərar hesab edirəm.
- Bir blokçu üçün əsas məsələ toppaylayıcı ilə anlaşmaqdır. Sizin üçün Kristina Yaqubova ilə oynamaq asandır, yoxsa Şəfaqət Həbibova ilə?
- Prinsipcə, hər ikisi ilə oynamaq rahatdır.
- Kumiriniz kimdir?
- Foluke Akinradevo. O, Azərbaycanda "Rabitə" klubunda çıxış etdiyi vaxt ABŞ yığması ilə 2014-cü il dünya çempionatının qalibi olub. Akinradevo həm də son iki olimpiadanın mükafatçısıdır ("Report").