
Aprelin 12-də İtaliyanın paytaxtı Romada “Flame of Peace Lighting Ceremony” adlı “Bakı 2019” Avropa Gənclər Olimpiya Festivalının məşəlyandırma mərasimi keçiriləcək.
Bu barədə Sportnet.az-a Gənclər və İdman Nazirliyindən bildirilib. Tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibinin müavini Azər Əliyev, “Bakı 2019” Avropa Gənclər Olimpiya Festivalının İşçi Heyətinin rəhbəri Nikki Əfəndi, “Bakı 2019” Korporativ direktor Elçin Səfərov, GİN Beynəlxalq əlaqələr şöbəsinin rəisi Namiq Novruzov, MOK-un Beynəlxalq əlaqələr şöbəsinin rəisi Anar Bağırov, GİN İdman şöbəsinin rəisi Fərid Mansurov, atletlər - Kəramət Hüseynov və Raziya Əliyevaiştirak edəcək.
Həmçinin mərasimdə Avropa Olimpiya Komitəsinin prezidenti Yanez Kotsiyançiç, İtaliya Olimpiya Komitəsinin prezidenti Covanni Malaqo və digər Olimpiya Komitələrinin nümayəndələrinin iştirakı gözlənilir.
Xatırladaq ki, 2019-cu il Avropa Gənclər Olimpiya Festivalı 21 - 28 iyulda Bakıda keçiriləcək. Ümumilikdə, 50 ölkədən 3600-ə yaxın idmançının iştirakı gözlənilir. Festival 10 idman növü üzrə keçiriləcək: gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş. 2500-dən çox könüllü 12 idman obyektində fəaliyyət göstərəcək.