"Can Azərbaycana ev sahibliyi üçün təşəkkür edir, işbirliyimizin idman sahəsində də daimi olmasını arzulayıram".
Sportnet.az-ın məlumatına görə, bunu Türkiyənin gənclər və idman naziri Mehmet Kasapoğlu Bakıdakı Beynəlxalq Etnosport Forumundakı çıxışında deyib.
Kasapoğlu Azərbaycanın yeni gənclər və idman naziri Fərid Qayıbova fəaliyyətində uğurlar arzulayıb. Kasapoğlu ötən il vəfat etmiş sabiq nazir Azad Rəhimovun da ölkə idmanında xüsusi nailiyyətlərə imza atdığını vurğulayıb: "Ona Allahdan rəhmət diləyirəm".
Türkiyəli nazir Bakıdakı forumun əhəmiyyətindən də danışıb: "Ölkə olaraq 60-dan çox idman növünü dəstəkləyir, onların inkişafı üçün sərmayə qoyuruq. Bugünkü forumun ana xətti ənənəvi idmandır. 2015-ci ildən bu növlərdə ciddi irəliləyiş var və güclü nəticələr əldə etmişik. İnanırıq ki, yeni ənənəvi idman federasiyaları, klublar yaradacağıq. Türkiyənin bütün regionlarında ənənəvi idman növlərini inkişaf etdirəcəyik. Ənənəvi idman növlərində bir sıra infrastruktur layihələri var.
Pandemiya dövrünə baxmayaraq Türkiyədə idman sahəsində 100 faizlik artım olub. Etnoidman növünə gənclərin, könüllülərin marağı artır".