2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında Azərbaycan idmançılarının hədəfi ən azı London olimpiadasındakı nəticələri təkrarlamaqdan ibarət olacaq. Sportnet.az-ın məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, "Bakı 2015" I Avropa Oyunlarındakı nəticələr, maddi-texniki bazanın, infrastrukturun möhkəmlənməsi və idmançılara göstərilən diqqət və qayğı belə nəticələrin əldə olunacağına zərurət yaradır: "Əvvəlki bayraqdarlardan Fərid Mansurovun xəstələnməsi nəticəsində, Elnur Məmmədlinin isə hakim qərarı ilə məğlub oldu. İndi biz boksdan Teymur Məmmədovu bayraqdan seçmişik. İkinci olimpiadada iştirak edəcək, kifayət qədər nailiyyətləri olub. Ona görə də qərara aldıq ki, onu bayraqdar seçək".
Nazir dopinq məsələsinə də toxunub: "Mən düşünürəm ki, idmançıları yox, onları yoxlayan qurumlar yoxlanmalıdır. İdmançılara psixoloji təzyiq göstərmək lazım deyil. Dünyada kifayət qədər yoxlama aparan qurum var. Onlar hamını yoxlamırlar. İstərdik ki, idmanda da belə olsun. Nəyə görə idmançılar təzyiq altında saxlanılmalıdırlar? Nəyə görə 8 ildən sonra B probu açılmalıdır? İdmançını yoxlayırlar ki, ata-babası 8 il əvvəl nə edib?"
A.Rəhimovun sözlərinə görə, olimpiadadan öncə Azərbaycanın bütün idmançıları dopinq yoxlamasından keçib: "Ümumdünya Antidopinq Agentliyinin əməkdaşı yoxlama aparıb. Qan analizləri gömrük yoxlamasından buraxılmayıb. Buna görə boksçularımızı olimpiadaya buraxmaq istəmirdilər. Gecə ilə Antidopinq Sektorumuzun müdiri İradə Rüstəmzadə və Azərbaycan Boks Federasiyasının icraçı direktoru Nağı Səfərov Bakıdan Kölnə uçaraq, analizləri tezdən təqdim ediblər. Nəticədə heç bir problem aşkarlanmayıb. Sanki burada kriminal insanlar oturub. Hamısı Azərbaycanı yoxlamaq istəyib. İdmançıların Olimpiya Kəndində təhlükəsizlikləri ilə bağlı problem yoxdur. Yalnız xüsusi məhəllələrə buraxılmamaları qərara alınıb".
O, Rusiya idmançılarının olimpiadaya buraxılmasına çox sevindiyini bildirib: "Çünki onlarsız rəqabət azalardı. Bəziləri düşünür ki, bizim daha yüksək nəticələr göstərməyimiz üçün yaxşıdır. Amma biz belə düşünmürük. Rusiyalı idmançıların olmaması rəqabətin itməsinə, olimpiya ideyalarına zərbə olardı".