Azərbaycanı Avropa Oyunlarında təmsil edən kişi taekvondoçu Milad Beygi Harçegani də yarımfinala yüksəlib. Sportnet.az-ın məlumatına görə, Harçeqani 1/4 finalda böyük britaniyalı Lutalo Muhammadla qarşılaşıb.
Döyüşün əvvəllərindən üstünlüyə yiyələnən yerli taekvondoçu üçüncü hissədə 17:5 hesablı qələbə ilə vaxtından əvvəl yarımfinala çıxıb. Harçeqani növbəti mərhələdə portuqaliyalı Julio Ferreyra ilə üz-üzə gələcək.
XXX
Azərbaycanı Avropa Oyunlarında təmsil edən qadın taekvondoçu Fəridə Əzizova 1/4 final görüşünə çıxıb. Sportnet.az-ın məlumatına görə, rəqib türkiyəli Nur Tatar olub.
Görüş yerli idmançının qələbəsi ilə yekunlaşıb - 6:2. İlk hissədə F.Əzizova 2:1 hesablı üstünlük əldə edib. İkinci hissədə o, daha bir xal alaraq fərqi 2-yə çatdırıb. Üçüncü hissənin əvvəlində isə hakimin qərarı ilə əlaqədar mübahisəli an yaranıb. Bu səbəbdən görüş bir neçə dəqiqəlik dayanıb. Gorüşün qalan bölümündə fərqi daha da artıran F.Əzizova inamlı qələbə sayəsində yarımfinala yüksəlib.
Növbəti mərhələdə onun rəqibi isveçli Elin Yohansson olacaq.
XXX
Bu gün "Bakı 2015" I Avropa Oyunlarında mübarizəyə qoşulan Azərbaycanın hər iki taekvondoçusu növbəti mərhələyə yüksəlib. Sportnet.az-ın məlumatına görə, qadınların yarışında 67 kq çəkidə mübarizə aparan Fəridə Əzizova Joys Van Baareni məğlub edib - 2:0.
F.Əzizova 1/4 finalda türkiyəli Nur Tatarla üz-üzə gələcək.
Kişilərin mübarizəsində isə 80 kq çəkidəki Milad Beygi Harçegani serbiyalı Damir Feyziçi böyük fərqlə üstələyib - 12:0. Onun 1/4 finaldakı rəqibi ingiltərəli Lotalo Muhammad olacaq.
XXX
Bu gün "Bakı 2015" I Avropa Oyunlarında daha 2 çəki dərəcəsi üzrə taekvondo yarışları keçiriləcək. Sportnet.az-ın məlumatına görə, qadınlar 67 kq, kişilər isə 80 kq çəki dərəcələrində mübarizə aparacaqlar.
Kişilərin yarışında Azərbaycanı Milad Beygi Harçeqani təmsil edəcək. Onun ilkin mərhələdəki rəqibi serbiyalı Damir Feyziç olacaq.
Qadınların mübarizəsində isə Fəridə Əzizova döyüşəcək. F.Əzizova ilk görüşündə hollandiyalı Joys van Baarenlə üz-üzə gələcək. Hər iki çəkidə qalib taekvondoçular 1/4 finala yüksələcəklər.
Qeyd edək ki, taekvondo növündə ilk 2 yarış günündə 4 taekvondoçu çıxış edib. Onlardan Ayxan Tağızadə (68 kq) qızıl, Patimat Abakarova (49 kq) bürünc medal qazanıb.