
"Sabahkı oyunu Prosineçki və Kovaç dueli kimi qələmə vermək olmaz. Biz birgə oynamışıq və indi baş məşqçiyik. Meydanda 11 xorvat və 11 azərbaycanlı olacaq". Sportnet.az-ın məlumatına görə, bu sözləri Xorvatiya milli komandasının baş məşqçisi Niko Kovaç deyib.
AVRO-2016-nın seçmə qrup mərhələsində sabah Azərbaycan yığması ilə keçiriləcək qarşılaşmadan öncə baş tutan mətbuat konfransında çıxış edən N.Kovaç bildirib ki, Robert Prosineçkinin Azərbaycana gəlişindən sonra yığmada dəyişikliklər olub: "Müdafiədə daha nizamlı, sıx oynayırlar. Hücum qurulan zaman pərakəndə şəkildə top vurulmur və arxadan qısa ötürmələrlə hücum qurulur. Sabahkı oyun bizim üçün çətin olacaq. Çünki Azərbaycan son 2 oyunda yaxşı çıxış edib və komandanın özünə inamı qayıdıb. Baxmayaraq ki, Azərbaycan zəif rəqib deyil, amma hər şey bizim necə çıxışımızdan asılı olacaq".
Baş məşqçi komandasına inandığını deyib: "Həmişə optimist olmuşam. Komandadan çox şey asılıdır. 3 xal qazanacağımız təqdirdə final mərhələsinə vəsiqə qazanacağıq. 3-dən çox qol vura bilsəm, deyəcəm sonadək oynasınlar. Mən Xorvatiyanın baş məşqçisi olduğumdan sonra komanda daha çox qol vurub. Azarkeşlər də qola görə stadiona gəlirlər. İlk dəqiqədən sonadək oynamaq lazımdır".
î
Qeyd edək ki, "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Xorvatiya görüşü sabah saat 21:00-da start götürəcək.