
"Mən təkcə hakim deyil, həm də hüquqşünasam. "Neftçi" ilə oyunda "Qarabağ"ın lehinə penaltini də 12-ci oyun qaydasına əsasən təyin etmişəm". Bunu Sportnet.az-a açıqlamasında sabiq FİFA referisi Fariz Yusifov deyib.
Azərbaycan Premyer Liqasında VI turun "Qarabağ" - "Neftçi" matçındakı şübhəli penalti qərarı barədə danışan təcrübəli baş hakim məsələ ictimailəşdirildiyi üçün açıqlama verməyə məcbur olduğunu bildirib. Yusifov uzatma dəqiqələrində yaşanan epizod barədə fikir bildirənlərə qaydalarla tanış olmağı məsləhət görüb: Toxunuşa görə yox, 12-ci oyun qaydasına əsasən penalti təyin etmişəm. Həmin qaydalara baxsınlar, görsünlər ki, rəqibi tutmaq nədir, sonra da fikir bildirsinlər. Heç bir hakim özbaşına qərar vermir".
43 yaşlı referi digər epizodlara münasibət bildirmək istəməyib. O deyib ki, meydanda qərarları konkret qaydalar əsasında qəbul edib. Yusifov məsələ ictimailəşdirildiyi üçün penalti epizodu barədə açıqlama verməyə məcbur olduğunu söyləyib: "Ona görə mən son nöqtəni qoydum ki, penaltini qaydalar çərçivəsində vermişəm. Qalan epizodlar barədə şərh vermək hüququm yoxdur. Yenə də eyni fikirdəyəm. Dünənki açıqlamaları heç də emosional formada verməmişəm. Mən əsəbi insan deyiləm. Hakim əsəbi olmamalıdır, sakit və təmkinliyəm. Vicdanım isə təmizdir. Cəzadan çəkinmirəm, o qədər haqlı-haqsız cəzalar görmüşəm ki..."