FİFA hazırda "Neftçi”də çıxış edən Samir Məsimovla bağlı Rusiya "Spartak"ının qaldırdığı iddiaya baxıb. Sportnet.az-ın "ağ-qaralar"ın rəsmi saytına istinadən verdiyi məlumata görə, ali futbol qurumunun Mübahisəli Məsələlərin Həlli Şurası proseslə bağlı "Neftçi" tərəfinin haqlı olduğunu bildirib.
Bununla da "Spartak"ın iddiası rədd edilib.
Qeyd edək ki, 2014-cü il dekabrın 26-da Rusiyanın "Spartak” klubu "Neftçi”yə məktub ünvanlayaraq Samir Məsimovun Moskva klubunda qeydiyyatda olduğunu əsas gətirib və futbolçunun "Neftçi” ilə ilk peşəkar müqaviləsi olduğu üçün Bakı təmsilçisindən 42,541 avro təzminat tələb edib. Bu il fevralın 19-da Moskva klubu FİFA qarşısında tələb olunan təzminatın "Neftçi” tərəfindən ödənməsi tələbi ilə vəsatət qaldırıb. Uzun müddət davam edən prosesə "Neftçi” təcrübəli vəkil cəlb edib və "Spartak”ın FİFA-ya ünvanladığı iddianın tərkibində əsassız məqamların yer aldığı aşkarlanıb.