
"Qələbə qazana bilərdik. Amma yenə bir səhvə yol verdik və sonda xal itirdik. Yaxşı oynadıq, bundan da yaxşı oyun göstərə bilərdik". Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Qara Qarayev Avropa Liqasının qrup mərhələsində "Monako"ya qarşı (1:1) keçirilmiş oyundan sonra jurnalistlərə açıqlamasında deyib.
Oyun haqda fikirlərini bildirən yarımmüdafiəçi qeyd edib ki, əllərindən gələni etdiklərini bildirib və azarkeşlərə təşəkkür edib: "Təəssüf ki, qələbəni əldən verdik. Qol buraxırıqsa, demək bütün komandanın günahı var. İstənilən halda hər oyunda rəqib qol vurursa, deməli hansısa səhvə yol verirsən. "Monako"nun heyətində elə usta futbolçular var ki, onlar heç bir səhvi bağışlamırlar".
Q.Qarayev qrupdan çıxma şanslarını belə dəyərləndirib: "Hələ şansımız qalır. Bizi Brüsseldə çətin səfər oyunu gözləyir. "Anderlext" güclü və iddialı komandadır. Belçikadan yaxşı nəticə ilə qayıda bilsək, "Tottenhem"lə görüşə daha ciddi hazırlaşıb, uğur qazana bilərik. Rəqiblərimiz Bakıda oynayanda bir qədər ehtiyatlı olmağa çalışırlar. Bilirlər ki, hücum xəttimizdə sürətli futbolçular var. Ona görə də diqqətli oynamağa üstünlük verirlər".







































































