"Oyun çox ağır keçdi. Rəqibin ustalığı göz qarşısındaydı. Biz də mübarizə apardıq. Çalışdıq hücumların qarşısını alaq. Amma sonda elə oldu ki, duran toptan qol buraxdıq və məğlub olduq". Sportnet.az-ın "Report"a istinadən məlumatına görə, bunu "Qarabağ"ın kapitanı Rəşad Sadıqov İngiltərə "Tottenhem"inə 0:1 hesabı ilə uduzduqları Avropa Liqasının V tur matçından sonra deyib.
Təcrübəli müdafiəçi qeyd edib ki, Avropa Liqası oyunlarında standart vəziyyətlə mübarizə aparmaq çox çətindir. Çünkü "Qarabağ" futbolçularının boyu rəqiblə müqayisədə çox qısadır: "İstər "Monako", istər "Anderlext", istərsə də "Tottenhem"ın heyətlərində həm ucaboylu həm də ustalığı yaxşı olan futbolçular var. Bu tip oyunçuların qiymətləri də 10-15 milyon olur. Biz isə texnikaya üstünlük veririk. Lakin boyumuz qısadır. Məsələn, bu gün 14-15 künç zərbəsi oldu - rəqiblər onun birindən istifadə edə bildilər".
Onin sözlərinə görə, "Qarabağ" səfərdə "Anderlext"lə də mübarizə aparmağa çalışacaq: "Çətin də olsa sona qədər mübarizə aparacağıq".
Qarabağ"ın kapitanı sonda komandaya dəstək verən azarkeşlərə də minnətdarlığını bildirib: "Biz əlimizdən gələni etdik ki, azarkeşləri utandırmayaq. Qələbə də qazana bilərdik. Yaxşı qol imkanlarımız oldu. Zədələrimiz də çox idi. Bu səbəbdən tam istədiyimiz oyuna yaxınlaşa bilmədik".