"Qəbələ"nin hücumçusu Aleksey Antonovun müsahibəsi
- Səninlə müsahibə almaq üçün bir müddət gözləməli olduq. Deyəsən, jurnalistlərlə ünsiyyətə o qədər də meyl etmirsən?
– Xeyr, elə deyil. Sadəcə, sözlərim təhrif ediləndə xoşuma gəlmir. Buna görə də, son vaxtlar jurnalistlərlə ünsiyyətdən kənar durmağa çalışıram. "Qəbələ” bütün Azərbaycan futbolu, ölkənizə reytinq xalı qazandırmaq naminə çalışır. Biz futbolçular isə 10 ilin komandası olan "Qəbələ”ni Avropada tanıtdırırıq. Məncə, əsaslı tənqidlər işimizi daha yaxşı görmək üçün bizə stimul olmalıdır.
– Karyeranda ilk dəfə Azərbaycanda oynayırsan. "Qəbələ”dəki çıxışına necə qiymət verərdin?
– Məncə, bunu etmək tezdir. Karyeramda "Qəbələ”nin hansı yeri tutacağını indidən deyə bilmərəm. Ancaq sözsüz ki, klubun tarixində ən uğurlu mövsümün iştirakçısı olmaq çox xoşdur. Ümid edirəm, bu, "Qəbələ”nin tarixində son belə mövsüm olmayacaq. Arzum budur ki, "Qəbələ” avroliqalarda mübarizə aparmağı ənənəyə çevirsin. Biz futbolçular da həmin həyəcanı bir daha yaşayaq.
– Azərbaycanda, Qəbələdə həyatın necə keçir?
– Buranı əvvəl yaşadığım Qazaxıstanın Aktöbe şəhəriylə müqayisə edə bilərəm. Azərbaycan daha çox xoşuma gəlir. Burada mənə rahatdır. Bunu ilk növbədə infrastrukturla əlaqələndirərdim. Çünki yaxşı şərait peşəkar futbol həyatının ayrılmaz hissəsidir. Üstəlik, tanış insanlarla bir komandada olmaq işimi asanlaşdırır. Tez-tez Bakıda oluruq. Paytaxtınız çox gözəldir. Ümumiyyətlə, Azərbaycanda elə bir şey yoxdur ki, xoşuma gəlməsin.
– Azərbaycan futbolunun ümumilikdə Qazaxıstan futbolu ilə müqayisə edərkən nələri qeyd edərdin?
– Azərbaycanda infrastruktur, stadionlar, meydançaların vəziyyəti daha yaxşıdır. Prinsipcə, Qazaxıstanda da yaxşı futbolçular var. Ancaq həmin ölkədə infrastruktur, belə deyək, SSRİ-də olduğu səviyyədədir. Azərbaycan bu baxımdan Qazaxıstanı üstələyir. Ölkənizdə yaxşı stadionlar var. Hətta süni ot örtüklü meydançaların da səviyyəsi daha yaxşıdır.
– Ötən ilin sonunda, Qrqiqorçuk klubumuza gələndə, özü ilə "Çernomorets”dən bir neçə futbolçu gətirdi. Həmin vaxt sənin də "Qəbələ”yə keçmək imkanın vardımı?
- Xeyr, "Aktobe” ilə müqaviləm vardı. Məni buraxmırdılar. Yayda imkan yarandı və bundan istifadə etdim. Roman Qriqorçukun "Qəbələ”də çalışması, eləcə də birgə işlədiyim digər məşqçilərin və çoxdan tanıdığım futbolçuların komandada olması qərarıma böyük təsir göstərdi.
– İndiyədək milli çempionatımızda çoxlu ukraynalı futbolçu oynayıb. "Qəbələ”yədək Azərbaycan klubundan dəvət almışdın?
– Xeyr. Azərbaycan klublarının mənimlə maraqlandığını heç vaxt eşitməmişəm. Əslində, Ukraynada vəziyyət normal olsaydı, heç Qazaxıstana da getməyəcəkdim.
– Ümumiyyətlə, indiyədək xarici klublardan cəlbedici təklif almısan?
– 3 ölkədə legioner həyatı yaşamışam. "Qəbələ” və "Aktobe”dən əvvəl Rusiyanın "Kuban” klubunda oynamışam. Ötən il "Çernomorets”lə Avropa Liqasının 1/16 final mərhələsində "Lion” la qarşılaşdıq. O zaman Fransa klubunun baş məşqçisi (hazırda "Aston Villa”nı çalışdıran Remi Qard nəzərdə tutulur - M.S.), eşitdiyimə görə, məni öz komandasında görmək istəyirmiş. Ancaq həmin mütəxəssis vəzifəsindən getdi və yeni baş məşqçinin gəlişi ilə söhbət bağlandı.
– Yetirməsi olduğun "Dnepr” də daxil olmaqla vətənində bir sıra klublarda oynamısan. Ukrayna karyerandan razısan?
– Ümid edirəm, Ukrayna karyeram hələ bitməyib (gülür). Məncə vətənimdə çıxış etməyə yenə imkanım olacaq. Bir məsələ də var ki, mən nəinki Ukraynada, ümumiyyətlə, indiyədək çempion olmamışam. "Metallist”lə Ukraynada bürünc, "Aktobe” ilə isə Qazaxıstanda gümüş medala sahib çıxmışam. Odur ki, ilk çempionluq sevincimi "Qəbələ” ilə yaşamaq istəyirəm. Xaricdə çempion olmaq daha nüfuzludur. Premyer Liqanın qalibi olmaq "Qəbələ” üçün də böyük uğur sayılacaq.
"Qəbələ İK" qəzeti