"Qarabağ"ın futbolçusu Dani Kintana "Qəbələ" ilə 1:1 hesablı heç-heçə ilə nəticələnən Azərbaycan Premyer Liqasının XVIII tur matçından sonra jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az həmin müsahibəni təqdim edir...
- İlin son oyunu haqda nə deyə bilərsiniz?
- Oyun ərzində həm "Qəbələ"nin, həm də bizim kifayət qədər qol imkanı, təhlükəli epizodu oldu. Rəqib əlinə düşən fürsətdən yararlandı, biz isə bir çox şansımızı boşa xərclədik. Lakin nəticədə qol vurub hesabı bərabərləşdirə bildik. Bir tərəfdən uduzmamağımız yaxşı haldır, digər tərəfdən, uda biləcəyimiz oyun idi.
- Sizcə, nəticə ədalətli oldu?
- Məncə, bu matçın layiqli nəticəsi qələbəmiz idi. Amma nəticədən şikayətlənə, qeyri-məmnun olduğumuzu göstərə bilmərik.
- "Qarabağ”ın son oyunlarda qələbə qazana bilməməsinin səbəbini nədə görürsünüz?
- Dəqiq səbəbini deyə bilmərəm. Ola bilsin, futbolçularda yorğunluq olsun. Ya da çempionatda lider olmağımızdan qaynaqlana bilər.
- Epizodların birində İlqar Qurbanovun qapıya zərbə endirməyinə mane olduğunu gördük. Daha sonra isə sanki aranızda narazılıq yarandı. Bir-birinizə ötürmə etmirdiniz...
- Həmin vəziyyətdə onun nə dediyini başa düşmədim. Mən onu görmədim. Sadəcə, gözləmirdim ki, o niyyətdə ola bilər. Məqsədim ona mane olmaq da deyildi. Sadəcə, elə alındı. Amma aramızda hansısa münaqişənin olması ilə bağlı sualları müntəzəm verməyə ehtiyac yoxdur. Aramızda heç bir problem yoxdur. Hər şey qaydasındadır.
- İlk 2 dövrəni necə dəyərləndirərdiniz?
- Müsbət dəyərləndirirəm. Artıq ikinci pillədəki komanda ilə aramızda böyük xal fərqi var. Mövsümün ilk yarısını birinci pillədə başa vurmağımız olduqca yaxşı haldır.
- Azarkeşlər üçün oyuna marağı artıran məqamlardan biri də hər iki komandanın ölkəmizi Avropa Liqasının qrup mərhələsində təmsil etməsi ilə bağlı idi. Bu amil futbolçuların özləri üçün də əhəmiyyət kəsb edirdi?
- Bilirdik ki, "Qəbələ” asan rəqib deyil. Bu komanda bizim üçün ən önəmli rəqib sayılır. Hücum etməyi bacarırlar, müdafiədə "yatmağı" sevmirlər. "Qəbələ"nin gücünə bələd olduqlarından, bu oyun bizim üçün də maraqlı idi.
- Sıx qrafiklə oynadığınıza görə istirahətə ən çox ehtiyacı olan komanda "Qarabağ”dır. Bu mənada ikinci dövrənin son matçını səbirsizliklə gözlədiyinizi demək olar?
- İyunun 18-dən dayanmadan matça çıxırdıq. Psixoloji baxımdan dincəlməyə, ailəmizlə birgə vaxt keçirməyə ehtiyacımız vardı. İndi yaxşı dincəlib gücümüzü bərpa edərək, liqanın qış fasiləsinə davam etməliyik.
- Komanda yoldaşınız Riçard Almeyda Azərbaycanda "İlin ən yaxşı əcnəbi idmançısı seçildi. Buna münasibətiniz necədir?
- Təbii ki, bu ada layiq idi. Komandamızın aparıcı futbolçularından biridir. Olduqca da yaxşı futbolçudur. Meydanda da bir-birimizi çox gözəl başa düşürük.
- Reynaldo üçün necə, darıxırsız?
- Reynaldo komanda üçün önəmli futbolçulardandır. Qış fasiləsindən sonra ona çox ehtiyacımız olacaq. Onun qayıdışını gözləyirik. Təbii ki, darıxırıq.