"Vaqif heç bir klubla anlaşmayıb. Lakin növbəti mövsüm "İnter”də oynamayacaq”. Bu sözləri Sportnet.az-a açıqlamasında Azərbaycan yığmasının futbolçusu futbolçunun atası Füzuli Cavadov deyib.
Veteran futbolçu oğlunun "Xəzər Lənkəran”ın maraq dairəsində olduğunu gizlətməyib: "Bəli, Mustafa Dənizli Vaqifin oyununu bəyənmişdi və onu ixtiyarında görmək istəyirdi. Lakin türkiyəli mütəxəssis artıq cənubluları çalışdırmır. Yeni gətiriləcək məşqçinin oğlumu bəyənib-bəyənməyəcəyini söyləmək olmur. Bugünlərdə Vaqif lənkəranlıların rəhbər şəxsləri ilə görüşməli idi. Ancaq milli komandanın heyətində ABŞ-a yollanması, böyük ehtimalla "Xəzər Lənkəran”la danışıqlarını qısa müddətə də olsa, təxirə salmasına səbəb olacaq”.
Ata Cavadov oğlunun Rusiya klublarından birinə keçmə ehtimalı haqda da fikir bildirib: "Rusiyanın I divizionundan Premyer Liqaya vəsiqə qazanmış və əks istiqamətdə elitanı tərk edən 2 klub mövsümün gedişatında oğlumu maraq dairəsində saxlayırdılar. Lakin konkret danışıq masası arxasında heç bir söhbət olmayıb”.
Nəhayət, F.Cavadov hücumçunun "İnter”dən ayrılma səbəbini də açıqlayıb: "Belə bir məlumat var ki, Vaqif gümüş medalçıların sırasını pula görə tərk edib. Əslində isə bu, həqiqəti əks etdirmir. Klubdan oğluma qarşı bir qədər hörmətsizlik oldu. Danışıq üçün zəng edəcəkləri günü söyləsələr də, xəbər çıxmadı. Daha sonra bir dəfə də analoji hal təkrarlandı. Maliyyə məsələlərində ortaq məxrəcə gəlmək mümkün idi”.
Ceyhun ƏLİYEV