
Şimali Koreyada Braziliyada keçirilən dünya çempionatı ilə bağlı daha bir maraqlı video yerləşdirilib. Sportnet.az-ın məlumatına görə, yerli internet telekanallarından biri həmyerlilərinin dünya çempionu olmaları ilə bağlı çarx hazırlayıb.
"Sənət əsəri"nin müəlliflərinin versiyasına görə, KXDR yığması qrup mərhələsində Yaponiyanı 7:0, ABŞ-ı 4:0 və Çini 2:0 hesabı ilə məğlub edib. Mundialın 1/8 finalında onların qurbanı Portuqaliya olub. "Avropa braziliyalıları"na da yaponların aqibətini "yaşadan" müəlliflərin növbəti qurbanı Almaniya yığması olub. Görünür Bundestimin həqiqətdə dünya çempionu adını qazanması çarx müəlliflərini bir qədər utandırıb və bu görüşdə KXDR "mədəni qələbə" qazanıb - 2:1. Yarımfinalda Cənubi Koreyanı 2:0 "məhv edən" şimallılar, həlledici qarşılaşmada meydan sahibi Braziliyanın daşının üstündə daş qoymayıblar - 8:1.
Çarx müəllifləri əksər həmvətənlərinin izləyə bilmədiyi dünya çempionatı ilə bağlı bu çarxı yaratmaqda onları heç olmasa bir qədər sevindirmək məqsədi güddüklərini bildiriblər.