
Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində "Neftçİ" - "Koper" matçı öncəsi mətbuat konfransı keçirilib. Sportnet.az-ın məlumatına görə, Bakı klubunun baş məşqçisi Böyükağa Hacıyev öz fikirlərini bildirib.
- Sabah çox ağır oyunumuz var. "Koper" həqiqətən də yaxşı rəqibdir. Neçə gündür ki, analizlər gedir. İki təlim-məşq toplanışı keçmişik. Çalışmışıq ki, bacardığımız qədər komandanı yüksək səviyyədə hazırlayaq. Həyatımızda bir dəfə rəqibə düzgün qiymət verə bilmədik və hələ də cəzasını çəkirik. "Koper" meydanın hər kvadratında savaşmağı sevir. Ən vacib qol silahları standart vəziyyətlərdir. Bundan başqa rəqibin ilk mərhələdə "Çelik"ə 9 top vurmağı hər şeyi deyir. Lakin bu o demək deyil ki, biz "Koper"dən qorxuruq. Əlimizdə qədərincə materialımız var və çalışacağıq ki, bu materialdan maksimum istifadə edək.
- Ötən mövsümün sonunda əsasən qol sarıdan çətinlik çəkirdiniz. İndiki vəziyyət necədir?
- İndi Vobay da qayıdıb. Onu sabahkı oyunda yeni bir postda görəcəksiniz. Biz istəyirik ki, oyun xəttində dəyişiklik edək. Həm Nforun, həm də Vobayın vuran ayağı var. Mənə elə gəlir ki, keçənilki problem artıq qalmayıb. Komandada elə bir zədəli yoxdur. Tək Denis Silvadır, o da Bolu toplanışından istirahətə buraxılıb və yeni həftədən bizə qoşulacaq.
- "Biz "İnter"lə qarşılaşmışıq, bizim Arazımız, Elvinimiz var, biz qrup mərhələsində oynamışıq" iddiası ilə "Koper"i yenmək olar?
- "Neftçi" komandası bir Flavinyodan ibarət deyil. Bu gün biz çalışırıq ki, əgər Flavinyo meydanda bağlanıbsa, oyunu Araz Abdullayev, Seyid (Mirhüseyn Seyidov - R.Ə.) üstünə götürsün. Heç vaxt oyunu bir futbolçunun üstündə qurmaq olmaz. Bu gün nə transfer etmişik? Heç nə! İnşallah, sabah oyundan sonra yenidən bu söhbətə qayıdacağıq. Bu gün məşqçi işindən çox şey asılıdır. Bizi heç nə qorxutmur. Bu gün "Neftçi"də Sadıq Sadıqov var. Bir baxın, Azərbaycanda hansı komandalar məhv olub və ya məhvə doğru gedir. Bəli, bizim elvinlərimiz, arazlarımız var. Bunlara biz güvənməsək, hansı Azərbaycan futbolundan söhbət gedə bilər? Mənim futbolda özümün başqa marağım var. 57 yaşımda əqidə dəyişə bilmərəm.
- Sabahkı oyunıa bağlı proqnoz verə bilərsiniz?
- Yox, çünki bəzi adamlar Topaz-da yana bilər.
Rövşən ƏHLİMANOĞLU