
4 futbolçu, 3 hakim və 8 rəsmi şəxs danışılmış oyunlarda iştirakları səbəbindən qeyri-müəyyən müddətədək Sierra Leone milli komandasından kənarlaşdırılıblar. Sportnet.az-ın məlumatına görə, bu barədə Sierra Leone Futbol Assosiasiyasının prezidenti Uça Yohansenlə ölkənin idman naziri Pol Kamaranın birgə imzaladıqları press-relizdə bildirilir.
Sənəddə qeyd olunur ki, üst-üstə 15 nəfərin adı 2008-ci il Afrika Millətlər Kubokunun seçmə mərhələsində CAR-la danışılmış oyuna çıxmaqda hallanır. Həmin matç əslində yarışda müsabiqədənkənar iştirak edən CAR-ın 5:0 hesablı qələbəsi ilə yekunlaşmalı imiş. Amma işə yığmanın danışılmış oyunda iştirak etmək istəməyən digər futbolçuları qarışıblar. Nəticədə matç qolsuz tamamlanıb - 0:0. Danışılmış oyuna çıxan futbolçular yığmanın kapitanı İbrahim Karqbo, İbrahim Koroma, Samuel Barlay və qapıçı Kristian Kaulkerdir. Onlardan 3-ü öncədən millinin iyulun 19-da Seyşel adaları ilə keçirəcəyi Afrika Millətlər Kubokunun seçmə matçına çağırılıbmışlar.
Qeyd edək ki, İbrahim Karqbo 2010 - 2013-cü illərdə "Bakı"nın şərəfini qoruyub. 32 yaşlı müdafiəçinin son klubu İngiltərənin səviyyəcə üçüncü liqasında yarışan "Suindon Taun" olub. Samuel Barlay isə 2010-cu ildə "Muğan", 2011 - 2013-cü illərdə "Rəvan", 2013-2014-cü il mövsümündə isə AZAL-da çıxış edib. 28 yaşlı yarımmüdafiəçinin son klubu İsveçin II divizionunda yer alan "Sirianska" olub.