"Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev Sloveniya "Koper"inə 1:2 hesablı məğlubiyyətlə yekunlaşan Avropa Liqasının II təsnifat mərhələsinin ilk görüşündən sonra jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az-ın məlumatına görə, Hacıyev mətbuat konfransında cavab görüşünün nəticəsindən asılı olmayaraq, istefa verəcəyini açıqlayıb:
- Buraxdığımız iki qol təmiz hədiyyə idi. Biz nə müdafiəçilərdən, nə də qapıçıdan bunu gözləmirdik. Futbolda səhvlər olur. İkinci hissədə komandanı təzyiq altında saxlasaq da, alınmadı. İmkanlarımız da vardı. Rəqib həddən artıq müdafiəyə qapandı. Komandanın əvvəlki oyunlarına da baxmışdım və onlar əsasən əks-hücumda oynayırlar. Hər halda iyulun 24-də keçiriləcək cavab oyununu gözləyək. Udsam da, uduzsam da istefa verib gedəcəyəm. Bu gün bu heyətlə çalışıram ki, boyumdan uca tullanım. Ancaq gəlin belə danışaq ki, komanda ilk rəsmi oyununa çıxır və ağır idi. Mən uşaqları qınamıram. SƏhvlərdən ibarət qol oyunun taleyini həll etdi. Dəqiq bilmirəm, biz qol vuranda ofsayd var idi, ya yox. Biri var uduzasan, biri var 2:2 olsun.
- Elə hesab edirsiniz ki, stadiondakı istefa şüarları sizə ünvanlanmışdı?
- Bilmirəm, amma komandanın baş məşqçisi mənəm və hər sözə mən cavabdehəm. Azarkeşi qınamıram, yəqin ki, istəyirlər ki, təzə nəfəs, təzə səs gəlsin.
- Oyun bitəndən sonra hər kəs paltardəyişmə otağına gəldi, amma siz texniki zonada oturmuşdunuz. İstefa haqda düşünürdünüz?
- Mən düşünürdüm ki, bəsdir də, ay Böyükağa Hacıyev. İstefa vermək kişilik əlamətidir. Cavab oyunundan sonra "Neftçi"dən ayrılacağam. Qələbə qazansam da, məğlub olsam da.
- Sizə elə gəlmir ki, "xalq komandası"nı yalnız Böyükağa Hacıyev bu günə qoya bilməz?
- Ailədə söz-söhbət olar. Ola bilsin "Neftçi"də də müəyyən problemlər yaşansın. Mən 3 mövsümdə 5 dəfə uğur qazanmışam. 2 çempionluq, 2 kubok və Avropa liqasının qrup mərhələsi. Çox təəssüflər olsun ki, 5 nəticəyə azarkeşlər istefa qışqırırdı. Mən o adamlardan deyiləm ki, istefamı gündəmə gətirəm və qaçam. Oğlanlarım böyüyüb, olmaz ki, onlar məni saxlasın 3-5 ay? Yəqin ki, hardansa təkliflər var, mən də fikirləşərəm və qərar qəbul edərəm. Mənim şedevr əsərim qalıb və onu yazmamış futboldan gedən deyiləm. "Neftçi"nin oyunu göz qabağındadır. Mən ölənə qədər hücum futbolu oynayacağam.
- Sizi təslim olmuş ruhda görməmişdik və bu vəziyyətdə görmək xoş deyil. Meydançada Məqsəd İsayev və Kaueni oynatmağa məcbur idiniz? Çünki elə görünürdü ki, meydanda 9 futbolçu vardı...
- Kaue səviyyəli futbolçudur. Ola bilər ki, adaptasiyanı tam keçə bilmir. Bu gün Mahir Şükürovun yerində Məqsəd İsayev oynayır. 1995-ci il təvəllüdlü Məqsəd pis təsir bağışladı?
- Çox pis..
- Bu 95 təvəllüdlü Məqsəd gərək bir yerdən başlaya ki, oynamağı öyrənə. Müdafiəçinin bir nömrəli vəzifəsi qapının toxunulmazlığını qorumaqdır. Məqsədin olduğu cinahdan rəqibin keçidi oldu? Baxın, qollar hardan vuruldu və kimin səhvi ucbatından? Bu gün Məqsədin yerinə Tiaqo Silva olsaydı, deyərdik ki, ondan yoxdur. Bu gün deyərdim ki, Araz Abdullayev bir nömrədir.
- Niyə alternativi yoxdur?
- Hazırlasınlar, mən Samir Məsimovu hazırlayıram. Bu inkubator deyil ki, 15 gün sonra nəsə ola.
- "Qəbələ" yerli futbolçularla uduzdu. Amma "İnter" legionerlərlə qələbə qazanır. Təcrübəsiz yerliləri bu cür oyuna çıxartmaq düzgün deyil...
- Bizdə əsas komandada ötən ildən qalma futbolçular var. Bir dənə Kaueni gətirmişik.
- Səmimi olun, pul ayrılsa səviyyəli legioner almazdınız?
- Mən deyə bilmərəm ki, pul var, ya yox. Açıq deyim ki, mənə bu gün dayaq yarımmüdafiəçisi lazım idi. Rəşad Sadiqov getdi, Mahir Şükürov getdi. "Neftçi"yə təkcə Kaue gəldi, o da meydanda hərəkət edirdi. Bir vaxtlar Nikolas Kanalesi fitə basanlar indi onu axtarır. Bu gün əlimizdə olan budur.
- Deyirsiniz yaydır, hazırlaşmaq olmadı. Qışdan hazırlaşmaq olmazdı?
- Evinizdə pulunuz olmasa, 30 minlik maşın almağa gücünüz çatar? Bu gün mən əlimdə olan materialı çalışıram ki, lap yaxşı işlədəm. Bu gün meydanda yaxşı futbolçular var. Əgər kimsə öz potensialından aşağı çıxış edirsə, bu, mənim günahımdır. Bu gün məşqçi işləməyə böyük ürək lazımdır.
- Sizin klubdan tələb etmək haqqınız var...
- Mən razı, amma həmişə şirin yediyin kimi acıya da hazır olmalısan.
- Nazim Süleymanov da gəlsə, avrokuboklarda uğursuz olardı. Bəs sizin nə fərqiniz oldu?
- Bu gün mən məşqçiyəm, alverçi deyiləm. Unutmayın ki, mən nə ilə fəxr etmişəm. Əlim təmizdir. O Nazim Süleymanova "Xəzər Lənkəran" kimi komandanı vermədilər? Bir nəfər dursun desin ki, mən nə vaxtsa maliyyə işinə qarışmışam. Bu gün fəxrlə deyirəm. Uduzmuşamsa, o demək deyil ki, özümü asmalıyam. Braziliya 7 qol buraxdı Almaniyadan, amma özünü asmadı. 1 milyon, 1,5 milyona qol çəkən insanlar belə atəşə tutulmur.
- "Neftçi"nin Azərbaycandakı gücü məlumdur. Konkret olaraq cavab oyununda "Neftçi"nin tur keçmə şansı hansı dərəcədədir? Siz əlinizi üzmüsünüzmü?
- Qətiyyən, mən həmin Böyükağa Hacıyevəm ki, APOEL-ə səfərdə "3 dənə" vurdum.
Rövşən ƏHLİMANOĞLU