
Azərbaycanın tanınmış mütəxəssislərindən olan Elxan Abdullayev iyulun 30 və 31-də Çempionlar Liqası və Avroliqanın III təsnifat mərhələsində mübarizəni davam etdirəcək "Qarabağ" və "Neftçi" klublarının çıxışı haqda fikirlərini bildirib. Sportnet.az-a danışan Abdullayev hər iki komandamızın mərhələ keçəcəyinə inandığını bildirib.
Son ölkə çempionu Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Avstriyanın "Zalsburq” komandası ilə qarşılaşacaq. Abdullayevin fikrincə, "Qarabağ”ın bu oyunda heç-heçə etməsi qənaətbəxş hesab olunar:
"Zalsburq” güclü komandadır. Ancaq mən "Qarabağ”dan yaxşı oyun gözləyirəm. Mənə elə gəlir ki, "Qarabağ” bu rəqibi keçməyə gücü var. Hesab haqda nəsə demək çətindir. Ancaq biz evdə oynayırıq. Heç-heçədə yaxşı nəticədir. Məncə, ağdamlılar bu mərhələni keçə bilər. "Qarabağ” özü pis komanda deyil, kollektiv oyun nümayiş etdirirlər. Buna görə də, tək-tək kimisə qeyd etmək düzgün deyil. Düzdür, Reynaldo qol vurur, ancaq baxın, ötürməni kim verir? Deməzdim ki, "Qarabağ”ı Reynaldo, Almeyda qabağa çəkir. Komandanın uğurunda hər bir futbolçunun böyük rolu var”.
44 yaşlı mütəxəssis Avropa Liqasının III təsnifat mərhələsində Azərbaycan kubokunun sahibi "Neftçi” ilə Gürcüstan "Çixura”sı arasında keçiriləcək görüş haqda da fikirlərini bildirib. O, öz meydanında qələbə qazanmamaq sindromu olan "Neftçi”nin bu dəfə daha asan rəqiblə qarşılaçağını bildirib:
"Neftçi” təcrübəli komandadır. Axırıncı oyunlar onu göstərdi ki, avrokubok görüşləri bir oyundan ibarət deyil. Cavab qarşılaşmasının önəmi var. Necə ki, "Neftçi” ilk oyunda məğlub oldu, ancaq səfərdə 2:0 uddu, bizi sevindirdi. Mənə elə gəlirki, "ağ – qaralar ” yenə də bizi sevindirəcək. Gürcüstan komandası elə də güclü rəqib deyil. Məncə, "Neftçi” onları rahat keçəcək. Bilirsiz, evdə oynamaq səfərdə oynamaqdan daha çətindir. "Neftçi” elə komandadır ki, bütün oyunu hücumda keçirir. Önə görə burada alınmadı və "Koper” bundan istifadə etdi. Ancaq səfərdə rəqib başladı hücum etməyə, "Neftçi” də onu cəzalandırdı. Bəzi komandalar var ki, onlara səfərdə oynamaq daha rahatdır".
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda sabah keçiriləcək "Qarabağ” – "Zalsburq” oyunu saat 20:30-da başlayacaq. İyulun 31-də "Bakcell Arena"da baş tutacaq "Neftçi” – "Çixura” görüşü isə 20:00-da start götürəcək.
Röya KƏRİMLİ