UEFA-nın rəsmi saytında "Qarabağ" klubundan bəhs edən geniş yazı dərc olunub. Sportnet.az-ın məlumatına görə, "Who are Qarabağ FK?" ("Qarabağ" FK kimdir?" başlıqlı yazıda Ağdam komandasının Avstriya "Zalsburq"unu Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk görüşündə 2:1 hesabı ilə məğlub etdikdən sonra diqqət mərkəzinə vurğulanıb.
Bildirilir ki, "Qarabağ"ın qələbəsi Çempionlar Liqasında həftənin diqqət çəkən nəticələrindən olub. Xüsusən, komandamızın matçı 9 futbolçu ilə başa vurması və Malta "Valletta"sı ilə 1:0 və 4:0 hesablı qələbələrdən sonra ardıcıl 3-cü zəfərinə imza atması vurğulanıb.
Daha sonra klubun tarixindən bəhs edilib: "1950-ci ildə əsası qoyulmuş "Qarabağ" rəsmən Ağdamı təmsil etsə də, Dağlıq Qarabağ müharibəsindən sonra 1993-cü ildən Bakıda məskunlaşıb. Bu da komandaya "Qaçqın klub" ləqəbinin də verilməsinə səbəb olub. Amma daha çox loqodakı 2 Qarabağ atına uyğun olaraq, "Qarabağ"a "Atlılar" deyilir. Ev oyunlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirən komanda 2 dəfə - 1993 və 2014-cü illərdə çempionluq, 1993, 2006 və 2009-cu illərdə Azərbaycan Kuboku əldə edib, 1999-cu ildə İntertoto Kuboku matçında İsraildə "Makkabi" (Hayfa) komandasına 2:1 hesabı ilə qalib gələrək, Azərbaycan klubları arasında ilk səfər qələbəsinə imza atıb".
"Qarabağ"ın heyətinə gəldikdə, yazıda "Zalsburq"un baş məşqçisi Adolf Hütterin bu barədə fikirlərinə yer verilib: "Rəqibimiz cəlbedici futbol sərgiləməyə çalışır və bir oyunçudan asılı olmur. Amma komandada vurğu braziliyalıların üzərindədir. Bunlar ilk qolunu dünən vuran Danilo Dias, hücumameylli yarımmüdafiəçi Çumbinyo, pleymeker Riçard Almeyda və həyati vacib komponentlərə malik hücumçu Reynaldodur. "Anderlext"in sabiq hücumçusu "Zalsburq"un qapısından qələbə topunu keçirdikdən cəmi 2 dəqiqə sonra qırmızı vərəqə aldı və gələn həftə cavab görüşündə olmayacaq. Kapitan Rəşad Sadıqov da diqqətdən qaçmamalıdır".