- Sabahkı oyun barədə nə deyə bilərsiniz?
- Çalışacağıq ki, futbolsevərlərə əsl bayram yaşadaq. "Qəbələ" olduqca yaxşı komandadır və başlarında təcrübəli məşqçi var. Ancaq bir şeyi unutmayaq ki, onların da rəqibi "Neftçi"dir. Çoxları deyir ki, "Neftçi" bu gün mükafatsız qaldı. Yadınızdadırsa, Milan "İnter"i ilə görüşdən əvvəl demişdim ki, mənim üçün 2-ci və ya 5-ci yerin fərqi yoxdur. Mən Azərbaycanda iki mükafat bilirəm - Azərbaycan çempionu və kubokun qalibi. Təbii ki, rəqib də asan rəqib olsaydı, kubokun finalına qədər gəlməzdi".
- Premyer Liqanın son turunda Zaqatalaya əsas heyəti aparmamışdınız. Məlum idi ki, bunun səbəbi kubokla bağlıdır. Həmin hazırlığı siz burada keçə bildiniz? Və Mahir Şükürovun meydanda yoxluğu sizin üçün nə deməkdi?
- Futbolda əvəz olunmaz futbolçu və məşqçi yoxdu. Məqsəd İsayev heç də Şükürovdan geri qalmır. Son oyunlarda Araz Abdullayev də olmur, zədədən əziyyət çəkir. Məncə, Samir Məsimov da pis oynamır. Bu gün "Neftçi"də təcrübəliləri əvəz edəcək gənclər var. Ancaq bir balaca zamana ehtiyac var. Qaldı ki, Zaqatala məsələsinə, biz qısa müddətdə mikrotsikl işlədik və sabah bunu görəcəksiniz.
- Sabahkı oyunun vacibliyi psixoloji baxımdan sizə necə təsir edir?
- Bir gün bir ailə olur. Allah onları imtahana çəkir. Evin ağsaqqalı səhər namazında Allaha üzün tutub deyir: "Səndən bir xahişim var. Sən bu ailədən pulu, var-dövləti ala bilərsən, amma səmimiyyəti alma". Yəni, bizdə səmimiyyət var ki, bu da Sadıq Sadıqovun işidir, məşqçinin yox. "Qəbələ" hər gün oynadığımız komandadır. Biz heç "Rubin"ə, "Partizan"a, "İnter"ə qarşı olanda psixoloji çətinlik yaşamadıq. Bir şeyi unutmayın ki, qorxaq general döyüşdə qələbə qazana bilməz. Əgər mən qorxuramsa, futbolçularım da qorxsun.
- Bir müddət əvvəl açıqlama vermişdiniz ki, Azərbaycan futbol tarixini mən yazmışam. Bir sıra yerli məşqçilər də bundan qıcıqlandı...
- Bir şeyi yadınızdan çıxartmayın: Bu oyun keçsin, nə vaxt istəsəniz, gəlin bazaya. Hansı məşqçilər ki, irad bildirirdilər, onlar dedilər ki, "Böyükağa müəllim, siz tarix yazdınız". Mən demişəm ki, Azərbaycan futbolunda tarix yazmışam. "Neftçi" 3 ildir ki, Azərbaycan kubokunun finalında oynayıb və hamısı da mənim məşqçiliyim dönəmimdə olub. O məşqçi məni müzakirə edə bilər ki, onun futbolda göstərdiyi nəticələr məndən yuxarıda olsun. Azərbaycan məşqçiləri bir-birini sevmir. Ona görə də kənardan kimsə gəlib milyonları aparmalıdır. Hamı qorxur və öz kreslosunu qoruyur. Orada mənə qarşı əsas fikir bildirənlər Nazim Süleymanov və Şahin Diniyevdir. Süleymanov futbolçu kimi yaxşı olub, amma dünəninə görə çox sağ ol. Məşqçi kimi neynəyib? Diniyev millidə olanda mən onun bostanına daş atmamışam. Deyirdi ki, millini cavanlaşdıracağam. Amma 3 futbolçunun 118 yaşı vardı. Gəlin, evin içərisində olan sirri saxlayaq. Mən bu gün sevinirəm ki, Qurban Qurbanov çempion olub və bunu alqışlayıram. Mən deyirəm ki, Azərbaycan futbolunda tarix yazmışam. Əgər səhv deyirəmsə, götürün telefonları başıma vurun. Ona görə şairimiz deyib ki, harada müsəlman görürəm qorxuram. Mən bu gün ensiklapediyayam. Açaram sandığı, tökərəm pambığı. Mən neyniyim ki, Kərim Diniyev Kardosonun, Mitreskinin qabağında tab gətirmədi. Bəlkə mən indiyədək Şahin Diniyevin qabağında bir futbolçunun xahişini eləmişəm?
- Düşünmürsünüz ki, buraxılan erkən qol oyunun taleyini həll edə bilər?
- Diqqətlə dünya futboluna nəzər yetirək. "Mançester Yunayted" mövsümü neçənci yerdə başa vurdu? Futbol səhvlər oyunudu və ən böyük gözəlliyi budur. Çempion ola bilmədiksə, deməli mən zəif çıxış etmişəm. İndiyədək mən futbolçunu günahkar bilməmişəm. Məğlubiyyətin bütün səbəbkarı mənəm. Bir məsəl var, deyir ki, canavarlar ovdan əvvəl yatır.