"Bu, bizim üçün vacib oyundur. Çalışacağıq ki, uğurlu nəticə əldə edək". Sportnet.az-ın məlumatına görə, bunu Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqov Bolqarıstan yığması ilə AVRO-2016-nın seçmə qrup matçından öncə mətbuat konfransında deyib.
Kapitan müdafiənin mərkəzində onunla yanaşı çıxış edən Rasim Ramaldanovdan fərqli olaraq, "Qarabağ"dakı komanda yoldaşı Bədavi Hüseynovla milidə birgə çıxış etmədiyini söyləyib. Amma o, ikinci mərkəz müdafiəçisi mövqeyində kimin oynamasının məşqçilərdən asılı olduğunu bildirib: "
1-2 oyunla qərar vermək olmaz. Rasim millidə yaxşı oynayıb, həmişə mənim səhvlərimi sığortalayıb. Sabah hər şeyi oyun göstərəcək. Rəqibdən-rəqibə fərq var. Özümə gəldikdə, əvvəlki mövsümlərdəki kimi çıxış etmirəm. Zədəni bəhanə gətirmirəm, ola bilsin, zəifləmişəm"
Sadıqov milliləşdirilmiş futbolçuların nə dərəcədə faydalı olmaları ilə bağlı sualı isə belə cavablandırıb: "Ufuk Budak, Rüfət Dadaşov faydalı olublar. Rüfət indiyədək 5 qol vurub. Biz komanda şəklində oynamalıyıq. Kapitan kimi futbolçuların mehriban olmalarına çalışıram. Özbəkistanla oyundan sonra bəzi hallar oldu, ancaq indi hər şey qaydasındadır. Son 1-2 ildə komanda daxilində ciddi narazılıq olmayıb".
Kapitan son seçmə oyunları uğurla keçirdiklərini xatırladaraq, xüsusən, səfərdə İsrailə qarşı üstün oyun sərgilədiklərini bildirib. Lakin onun fikrincə, keçmiş oyun qarşıdakı matç barədə də eyni fikirdə olmağa əsas vermir: "Növbəti tsikldə ilk oyunumuz bizim üçün son matç kimidir. Bolqarıstan bizdən güclü rəqibdir, yaxşı heyətləri var. Amma biz bütün gücümüzü oyunda göstərəcəyik. Motivasiyamız əladır. Ancaq oyunda nə olacağını əvvəldən demək olmaz".
Sadıqov azarkeşlər barədə də danışıb. Onun fikrincə, oyun vaxtı səsləndirilən hər bir şüar komandaya birbaşa təsir edir: "Son oyunlara marağın artması yaxşı haldır. Ancaq istərdim ki, azarkeşlər bizə sona qədər dəstək olsunlar".
Cəfər BƏY