
"Qarabağ”ın futbolçusu Reynaldonun Azərbaycan milli komandasında oynaya bilməsi üçün hüquqi əsas müəyyənəşib. Bu barədə Sportnet.az-a AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu bildirib.
Onun sözlərinə görə, FİFA futbolçulara istədiyi milli komandada oynamaq səlahiyyəti verir: "Bu yeganə variantdır. Digər idman növlərindən fərqlə olaraq, futbolda ölkənin vətəndaşı ilə ailə quraraq milləşdirilmə mümkün deyil”.
Nərimanoğlu deyib ki, Reynaldo ilə danışıqlar heç də mətbuatın təzyiqləri ilə aparılmayıb: "AFFA mətbuatın təzyiqləri ilə işləmir. Sadəcə bir müddət öncə futbolçunun "Azərbaycan millisində oynamağa hazıram" deyə açıqlamasını gördük. Müəyyən təhlilərdən sonra onu və "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovu federasiyaya dəvət edərək danışıqlar apardıq”.
AFFA rəsmisi hazırda 25 yaşlı futbolçunun milləşdirilmə prosesi ilə bağlı işlərin davam etdiyini və yenilik olduqca ictimaiyyəti məlumatlandıracağını vurğulayıb. Amma o, brazilyalı futbolçunun millimizdə nə vaxt debüt edəcəyini dəqiq deməkdə çətinlik çəkib: "Bu proses gələn ay İtaliya və Xorvatiya ilə keçirəcəyimiz oyunlara kimi də yekunlaşa bilər, bir müddət uzana bilər. FİFA 4 ay ərzində müraciətimizə cavab verəcək”.