
"Araz Naxçıvan"ın ötən mövsüm I divizionun qalibi olması münasibətilə nəzərdə tutulan 100 min manat mükafatı hələ də ödənilməyib. Sportnet.az-ın məlumatına görə, hazırda Topaz Premyer Liqasında mübarizə aparan klub hazırda Peşəkar Futbol Liqasından (PFL) xoş soraq gözləyir.
3 ay öncə qurumun prezidenti Ramin Musayev saytımıza müsahibəsində "Araz Naxçıvan"ın Premyer Liqada çıxış edəcəyi ilk ayındaca mükafatını alacağını demişdi. Amma artıq elitada ikinci ayına qədəm qoyan kluba pulu ödənməyib.
Muxtar Respublika təmsilçisinin mətbuat katibi Ceyhun Məmmədov Sportnet.az-a açıqlamasında hələ də mükafat almadıqlarını təsdiqləyib. O bildirib ki, bu məbləğin nə zaman ödənəcəyi barədə onda məlumat yoxdur.
Öz növbəsində PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev Sportnet.az-a bildirib ki, mükafat sənədləşdirilmə işləri yekunlaşdırıldıqdan sonra klubun hesabına köçürüləcək. Əvvəlcə "Araz Naxçıvan"ın heyətindəki legionerlər, cərimələr və digər ödəmələr üzrə borcları mükafat məbləğindən çıxılacaq. Məhz bundan sonra qalan vəsait ünvanına kluba veriləcək.
"Araz Naxçıvan"ın heyətində 3 legioner - Ruslan Zubkov, David Janelidze və Aleksandr Krutskeviç çıxış edir. Qaydalara əsasən, legioner sifarişi üçün klublar ilk ilində 20 min, növbəti 2 ilində 10 min və 5 min manat ödəyirlər. 4-cü ilindən isə legioner üçün rüsum köçürülmür. Amma Naxçıvan klubundakı əcnəbilər əvvəlki mövsümlərdə digər komandalarımızın heyətində yer alıblar. Bu mənada mükafatdan legionerlərə görə nə qədər çıxılacağı maraq doğurur. PFL rəsmisi bu məsələnin mühasibatlığa aid olduğunu və kluba nə qədər ödəniləcəyini dəqiq deyə bilməyəcəyini əlavə edib.