"Xəzər Lənkəran"ın yeni transferi Rəşad Sadiqov "Neftçi" ilə oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az-ın məlumatına görə, Sadiqov 0:1 hesablı məğlubiyyəti şərh etməklə yanaşı, keçmiş komandasına qarşı çıxışından danışıb...
- Oyun doğrudan da gərgin keçdi. "Neftçi" ilə "Xəzər Lənkəran" arasındakı qarşılaşmalar həmişə belə olur. Hesabda 0:1 geri düşsək də, 11 metrlik cərimə zərbəsi vurmaq imkanı qazandıq. Üstəlik, rəqib 10 nəfərlə qaldı. Oyunun axarı bizim tərəfə də dönə, matçı qalib də bitirə bilərdik. Lakin penaltini yerinə yetirə bilmədik. Bundan sonra yenə hücumlarımızı artırsaq da, qol gəlmədi. 5-6 yüz faizlik qol epizodundan yararlanmağı bacarmadıq. Nəticədə rəqib qalib gəldi.
- Keçmiş komandanıza qarşı oynamaq Sizin üçün necə bir hiss idi?
- Açığı, elə bir hiss yox idi. Sadəcə, bu matça digər oyunlara çıxdığımız kimi hazırlaşmışdım.
- Penaltini niyə məhz İvanov yerinə yetirdi?
- Əvvəldən belə tapşırıq verilmişdi. Bu, baş məşqçinin göstərişi idi ki, İvanov vursun.
- Penaltini yerinə yetirməməyiniz komandanıza psixoloji təsir etdi?
- İstər-istəməz təsir edir. Çünki bu cür yüksək gərginlikli oyunlarda penaltini qaçıranda istər-istəməz komanda çox pis olur. Bununla belə, ikinci hissədə çoxlu qol epizodu yaratdıq. Təəssüf ki, yararlana bilmədik.
- "Xəzər Lənkəran"da yeganə nominal hücumçu Rauf Əliyevdir. Düşünmürsünüz ki, ikinci hücumçunun olmaması da oyununuza təsir etdi. Hər halda olsaydı, meydana buraxaraq, hücumlarınızın kəsərini artırmaq mümkün idi...
- Düzü, bu suala baş məşqçi cavab versə, daha yaxşı olar. Kənardan necə göründüyünü bilmirəm. Məğlub olanda hər cür fikir ortaya çıxır. Amma udsaydıq, bunlar görünməyəcəkdi. Qələbəyə də yaxın idik. Qol epizodumuz həqiqətən çox oldu. Sadəcə, yararlana bilmədik.
- "Neftçi" azarkeşlərinin oyununuza reaksiyası Sizə necə təsir edirdi?
- Açığı, fikir vermirdim. Fikrimi öz oyunuma yönəltmişdim. Azarkeşlərin işi rəqibi və onun futbolçularını təzyiq altında saxlamaqdan ibarətdir.
- 5 turdan sonra "Xəzər Lənkəran"ın aktivində cəmi 4 xal var. Çempionluğa oynayan komanda üçün bu, az deyil?
- Doğrudan da çox azdır. özümüz də təəssüflənirik. Mənə elə gəlir ki, toparlanmaq lazımdır. Komandamızda qol duyumu yüksəlməlidir. Epizodlardan yararlana bilsəydik, indiki mövqedə olmazdıq. 4 yox, heç olmasa, 10 xal yığa bilərdik. Sadəcə, alınmır. Bəxt də bizdən üz döndərib. İnşallah, düzələcək.
Vasif MƏMMƏDOV