"Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfovun Sportnet.az-a müsahibəsi
- Doğma meydanda ardıcıl ikinci oyunda bərabərə qaldınız. Oyun haqqında fikirləriniz?
- Çox gərgin oyun keçdi. Hər iki komanda bərabər səviyyəli mübarizə apardı. Düşünürəm ki, nəticə ədalətli oldu.
- Qələbəni sona kimi qorumağa komandada nə çatmadı?
- Çatışmayan heç nə yox idi, hər şey var idi. Sadacə, xırda bir səhv məsələni həll elədi.
- Qarşıda 3 həftəlik fasilə var. Komanda bu müddətdə xaricə təlim-məşqə toplanışına gedəcək?
- Xeyr. Bu 3 həftəlik müddətdə komanda doğma diyarda məşq edəcək. Yoldaşlıq görüşlərini də öz meydanımızda keçirəcəyik.
- Elnur Allahverdiyev Sportnet.az saytına verdiyi açıqlamada "Qəbələ"də artıq futbolçuların olduğunu bildirib. Sizcə o, kimləri nəzərdə tutub?
- Gedin, Elnurdan soruşun ki, o futbolçular kimlərdir? Komandanın futbolçu məsələsinə baş məşqçi baxır. "Qəbələ"də artıq futbolçu elə Elnur olub. O da artıq komandamızda yoxdur.
- Araşdırmamız nəticəsində bəlli olub ki, Marat İzmayılov "Qəbələ"də çıxış edərkən suni örtüklü meydanlarda, həmçinin "Xəzər Lənkəran"la səfər oyunlarında demək olar ki, oynamayıb. Bundan xəbəriniz var idi?
- Bəli, xəbərim var. Razılaşma əsasında suni meydanlarda demək olar ki, oynamırdı.
- Müqavilə bağlayanda şərtlərdən biri bu idi?
- Xeyr. Müqavilədə bu qeyd olunmamışdı. "Qəbələ"dən öncə ciddi zədə aldığından, suni meydanlarda oynamaq onun üçün riskli idi. Baş məşqçinin razılığı ilə belə qarşılaşmalarda ya son 15-20 dəqiqədə meydanda olurdu, ya da heç meydana çıxmırdı.
İlkin SULTANLI