"Fənərbağça”nın azərbaycanlı futbolçusu Amin Seyidovun Sportnet.az-a müsahibəsi.
- "Fənərbağça”ya necə düşdün?
- 2013-cü ilin avqustunda "Fənərbağça”nın seçim müsabiqəsinə qatıldım. Klub məşqçiləri tərəfindən diqqətlə izlənilən 1 həftəlik sınaq dövründə özümü mübət tərəfdən göstərə bildim. Yekun rəyə görə, klubda saxlanıldım və 3 illik müqaviləyə imza atdım. FİFA-da legioner futbolçu kimi adım qeydiyyatdan keçirilib. Artıq 1 ilə yaxındır ki, "Fənərbağça”dayam. İşlərim qaydasında davam edir.
- Futbol oynamağa hansı klubda başlamısan?
- İlk komandam "Neftçi” olub. Həmin dövrdə "ağ-qaralar”da 1999-cu təvəllüdlü futbolçulardan ibarət qrup yox idi. Buna görə məcburən özümdən 6 yaş böyüklərlə - 1993-cü ildə anadan olmuş futbolçularla birgə məşqlərə qatılırdım. Növbəti komandam "Atəşgah” olub. Bir il orada oynadıqdan sonra, yenidən "Neftçi”yə qayıtdım. Ancaq məşqçimlə problem yaşadığımdan, orada çox qala bilmədim.
- Konkret olaraq, kiminlə problem yaşadın?
- Rüfət Quliyevlə.
- "Ağ-qaralar”dan ayrıldıqdan sonra hansı kluba üz tutdun?
- "Bakı”ya. Lakin orada da problemlərlə üzləşdim. Üst-üstə 5 oyunda iştirak etmək imkanı qazanmadım. Nəhayət, üz tutdum "Fənərbağça”ya.
- Öncə "Neftçi”də, daha sonra isə "Bakı”da problem yaşadığını vurğuladın. Bəlkə problem klublarda deyil, səndə imiş?
- Problem məndə olsaydı, "Fənərbağça”da oynamazdım.
- Elə isə problemin nədən ibarət olduğunu açıqlayardın.
- "Neftçi”də problem məşqçinin oğlunun mənim mövqeyimdə oynaması idi. O da mənim kimi yarımmüdafiəçi idi. Orda qalsaydım, oğlunun yolunu bağlayacaqdım. Bu üzdən də Rüfət müəllim elə bir şərait yaratdı ki, "Neftçi”dən ayrıldım.
- Bəs "Bakı”da kimin oğlunun güdazına getdin?
- Xeyr, orda problem fərqli idi.”Bakı”da bəzi idarəçilər elə bir ab-hava yaratmışdılar ki... Demək olmur.
- Niyə demək olmur? Ortada rüşvət söhbəti var idi?
- Məsələ belə idi ki, gətirilən futbolçunun qiyməti 500 dollar idi, lakin klub rəhbərliyinə 1000 dollar deyib, 500-nü ciblərinə qoyurdular.
- Milli komandadan səninlə maraqlanan olub?
- "Fənərbağça” dəfələrlə AFFA-ya faks göndərib ki, gəlib oyunumu izləsinlər. Ancaq nə gəlib baxan var, nə də çağıran.
Ceyhun ƏLİYEV