Bakıda səfərdə olan Rusiyanın
voleybolçu qadınlardan ibarət "Uraloçka" klubunun baş məşqçisi
Nikolay Karpolun müsahibəsi:
- Bakıya səfərinizin məqsədi
nədir?
- Əsas məqsəd yoxlama görüşləri keçirməkdir. Həm "Azəryol",
həm də "Azərreyl"lə yoxlama görüşləri keçirəcəyik.
- Məgər, Rusiya çempionatında fasilədir?
- Məhz belə yoxlama görüşləri keçirmək üçün fasilə təşkil etdik.
- Azərbaycan və Rusiya çempionatlarını
müqayisə edə bilərsiniz?
- Xeyr, builki çempionatı müqayisə etmək çətindir, mümkün deyil. Rusiya
çempionatında 4 müxtəlif liqada üst-üstə 70 komanda iştirak edir. Buna görə də
müqayisə doğru olmaz.
- Bəs, yüksək səviyyəli komandalarınızın
sayı neçədir?
- Biz ən güclü 5-ci komandayıq.Rusiyada
bir nömrəli komanda "Dinamo-Kazan"dır. Onlar son Çempionlar Liqasının qalibi olublar. İkinci
komanda "Dinamo Moskva"dır. "Dinamo Krasnodar" və
"Omiçka" klubları da öndədirlər. "Omiçka" ötən mövsüm
Azərbaycan klubu ilə Avropa kuboklarında üz-üzə gəlib.
- Baş məşqçi qismində birneçə dəfə
Azərbaycan klubları ilə üz-üzə gəlmisiniz. Rusiya klublarının səviyyəsi çoxmu
yüksəkdədir?
-Özünüz Azərbaycan komandaları ilə oyunlarımıza gəlin, ustalıq səviyyələri
arasındakı fərqi görün. Mən müqayisə apara bilmərəm. Mən yalnız komandamızın
oyununu müqayisə edə bilərəm. Biz də çoxdandır "Rabitə" ilə
oynamırdıq. Müqayisələr yalnız oyunlar zamanı aparılır.
- "Uraloçka"nın səviyyəsinin
enməsinə səbəb nə oldu?
- Niyə də ensin ki... "Uraloçka" yaxşı səviyyədədir. Ötən mövsüm
gümüş mükafatçı "Dinamo Moskva"ya qalib gəldik. Mükəmməl oynamaq üçün
bizdə ehtiyat qüvvə çatışmır. Düzdür, müəyyən zədələr oldu. Ancaq komanda
normal çıxış edir.
- Yekaterina Qamovanın komandanızdan
getməsinin səbəbi nə oldu?
- Biz açıq cəmiyyətdə yaşayırıq. Oyunçular bazardan əldə edilirlər. Bizim
kimi digər komandalar da oyunçu transfer edirlər. Bütün idmançılar seçimlərində
azaddırlar. Biz özümüz oyunçu yetişdirməyə çalışırıq. Bu il 8 voleybolçu getdi.
Onların yerinə 5 nəfər öz ehtiyat qüvvəmizdən, 3-nü digər klublardan gətirdik. Bu
gün şərtlər bazarda diktə olunur.
- Qamovanın Azərbaycana gələcəyi barədə
dəxəbərlər dolaşırdı...
- Mən bilmirəm. Bu məsələ ilə mən məşğul olmuram. Baş məşqçi kimi oyunçu
hazırlayıram.
- Oyunlar zamanı texniki zonada rahat
durmursunuz, voleybolçuların üstünə tez-tez qışqırırsınız. Bu, nə ilə
bağlıdır?
- Emosiyalarımın ifadəsi ilə. Mən emosional insanam.
- Düşünmürsünüz ki, bu, tamaşaçılarda
sizə qarşıbirmənalı fikir yaratmaya bilər?
-Bu, teatrdır. Biz də teatrdayıq. Hamı pul verir ki, tamaşa etsin. Teatra
gəlirsiniz, bəyənirsiniz?Bəyənirsinizsə gəlin, bəyənmirsinizsə, gəlməyin. (Report.az)