Azərbaycanın qadın voleybolçulardan ibarət milli komandasının üzvü Natəvan Qasımova karyerasına fasilə verməyi qərara alıb. Bu barədə Qasımovanın özü Sportnet.az-a bildirib.
O deyib ki, yekun qərarı millimizin baş məşqçisi Faiq Qarayevlə məsləhətləşdikdən sonra verəcək: "Bu, bəlkə də axırıncı müsahibəm olar. Artıq ailəmə daha çox vaxt ayırmaq, karyerama bir müddət fasilə vermək istəyirəm. Ürəyimdən belə keçir. Hələ Faiq müəllimlə bunu məsləhətləşməliyəm. Görürəm ki, artıq bu baxımdan çox çətinlik çəkirəm. Həyat yoldaşım Tunc Afşar menecerdir, vətəni Türkiyədə xeyli işləri olur. Mən isə daha çox burada oluram”.
Qasımova ölkəmizdən gedəndən sonra Türkiyədə yaşamaq fikrində olduğunu açıqlayıb. O, Bakıda evinin olmamasını səbəb göstərib: "Yoldaşım da türk olduğundan, oranı seçəcəm. Amma Azərbaycan mənim öz vətənimdir, gedib-gələcəyəm. Hər halda yaşamaq üçün daha çox Türkiyəni seçərdim”.
Müqavilə üzrə "Azəryol” klubuna məxsus 29 yaşlı voleybolçu karyerasını Türkiyədə davam etdirmək istəmədiyini də əlavə edib: "Mən heç vaxt xaricdə oynamağa həvəsli olmamışam. Həyat yoldaşım menecer olduğundan, istəsəydim, qardaş ölkənin hər hansı klubuna keçə bilərdim. Amma burada oynayıramsa, burada da karyeramı bitirib, sonra getmək istəyirəm. Çünki burada qızlarımızla ailə kimiyik. Bir də avtobusla başqa şəhərlərə getməyi heç sevmirəm. Azərbaycanda yaxşıdır, çünki bir zalda oynayırsan, Bakıdan kənara çıxmırsan. Ona görə də kariyeramı bitirsəm, Azərbaycanda başa vurub sonra gedəcəyəm”.
Bununla yanaşı, Qasımova sentyabrın 23-dən oktyabrın 12-dək İtaliyada keçiriləcək dünya çempionatında oynamaq istəyini gizlətməyib: "Faiq müəllimlə danışacağam. Mənə ehtiyacı olsa, çempionatda millimizə kömək edib, sonra gedəcəyəm. Karyerama 1-2 il fasilə verib, sonra qayıdacağam”.
Voleybolçumuz ana olmağı planlaşdırsa da, millimizdən yalnız bu məqsədlə ayrılmaq fikrinə düşmədiyini söyləyib: "İşləyirsən, yorulursan. Müəyyən nailiyyət qazansam da, istədiklərimi əldə edə bilməmişəm. Çünki uzun müddətli zədələr məni geriyə saldı. Artıq hiss edirəm ki, belimdə, dizlərimdə ağrılarım var. İki dizimdən də əməliyyat olunduğumdan, istirahətə ehtiyac duyuram”.
Sevinc XANQIZI