Bakının "İnter" klubunun prezidenti
Georgi Nikolovun Sportnet.az-a müsahibəsi
- Ötən
gün keçirilmiş Müşahidə Şurasının iclasında hansı qərarlar qəbul olundu?
- İclasda yeni direktorumuz Roland Vromans qarşıdakı bir neçə
il üçün klubumuzun idman-texniki istiqamətdə inkişaf perspektivlərinə dair öz
baxışlarını təqdim etdi. Direktorlar Şurasının hər bir üzvü isə ona suallarını
verdi və klubdakı işin ayrı-ayrı detallarını müzakirə etdilər. Təqribən bir
saatlıq iclasın gedişini belə ümumiləşdirmək olar.
- Bəs yeni təyinatlar oldu?
- Vromans bu postda Natiq Məmmədovu əvəzlədi. Eyni zamanda o,
özünə 2 əməkdaş götürdü. Bunlar İctimaiyyətlə Əlaqələr Departamentinin əməkdaşları
Aleksey Barvinski və Yusif Abdullayevdir.
- Klubunuzun fəxri prezidenti Cahangir Hacıyevin də iclasda
iştirak edəcəyi bildirilirdi. Onun klubun inkişafı istiqamətində hansı
tapşırıqları oldu?
- Hacıyev bir qədər gec gəldi. Sıx iş qrafiki ilə əlaqədar
iclasa sonradan qoşuldu. Bilirsiniz, klubun inkişafı istiqamətində milli səviyyədə
müəyyən avtoritetimiz var. Onun arzusu budur ki, beynəlxalq miqyasda, ən azı
Avropa Liqasında daha uğurlu çıxış edək. Üstəlik, klubumuz maliyyə baxımından
da tədricən özünü saxlasın və tam olmasa da, tədricəmn pul qazanmağa başlasın.
- Yəni, Azərbaycan Beynəlxalq Bankı "İnter"ə pul
ayırmaq istəmir?
- Baş sponsor yerində qalır. O, klubu yenə böyük həcmdə dəstəkləməkdə
davam edəcək. Amma klubumuz dünya futbolunun ən yaxşı nümunələrindən biri kimi
öz resursları hesabına büdcəni tamamlamalıdır. Söhbət "İnter"in öz
biznesindən, oyunçu, idmanla bağlı xidmətlərin alqı-satqısından gedir. Artıq
"İnter Arena" da öz xidmətlərini təklif edir. Bunlar klubumuzun büdcəsinin
ən azı 20 faizini təşkil etməlidir.
- Bəs ötən gün baş məşqçiniz Kaxaber Tsxadadzenin "Xəzər
Lənkəran"ın ünvanına etdiyi jestlə bağlı hansı fikirdəsiniz?
- Açığı, mən heç nəyi görməmişəm və indi belə bir şeyin baş
verib-vermədiyini deyə bilmərəm. Belə insident olubsa, müzakirə edilməlidir.
Sonra da öz mövqeyimi deyə bilərəm. Amma baş məşqçimizlə danışmaq istərdim ki,
nə olub, nə baş verib? Sadəcə, mən indi mətbuatdakı yazıları oxuyuram və kimin
haqlı, kimin haqsız olduğunu müəyyənləşdirə bilmirəm. Gəlin, əvvəlcə adamı
divara dirəməyək. Bəlkə o, sevincini tam fərqli formada ifadə etmək istəyib? Bəlkə
kiməsə bu hərəkət qeyri-etik jest kimi görünüb? Bazar ertəsi onunla danışdıqdan
sonra daxili nizamnaməmizə uyğun qərar verəcəyəm.
- Amma razılaşaq ki, bu, Tsxadadze ilə bağlı nə birinci, nə də
sonuncu insidentdir...
- Yəqin ki, sonuncu olmayacaq (gülür). Əlbəttə, bu, bir
zarafatdır. Mən heç kimə haqq qazandırmıram. Siz jurnalist kimi çoxdan bu sahədəsiniz.
Baş məşqçinin işi çox çətin, riskli, əsəbi, gərgin olur. Matçın sonlarında
özünü güclə ələ alır, Allah eləməsin, bircə uduzmasın. Üstəlik, onu əlavə
suallarla təxribata çəkmək istəyirlər. Yəni, bu insanları başa düşməlisiniz.
Onlar maşın, robot deyillər, əsəblərinin də bir həddi var. Heç kimə haqq
qazandırmıram, sadəcə, bu tərəfin də fikrini dinləmək istəyirəm.
1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |