
FİFA dünya yığmalarının növbəti reytinq siyahısını dərc edib. Sportnet.az-ın məlumatına görə, Azərbaycan milli komandası ötən ayla müqayisədə 2 pillə irəliləyib.
Hazırda millimiz 396 xalla 83-cü pillədə qərarlaşıb.
Millimizin 2016-cı il Avropa çempionatının seçmə qrup mərhələsindəki rəqiblərinə gəlincə, ən yüksək yerdə İtaliya qərarlaşıb. "Skuadra Adzurra" 1104 xalla 9-cu mövqedə yer alıb. Ötən ayla müqayisədə 2 pillə irəliləyən Xorvatiya 903 xalla 18-cidir. Aktivində 562 xal olan Norveç, ötən ay olduğu kimi, sıralamada 55-ci yeri tutur. Millimizin digər rəqibi - Bolqarıstan yığması isə 5 addım geriləyərək, 78-ci yerə enib. Bolqarların reytinq xalı 425-ə bərabərdir. Yığmamızın qrupunda ən aşağı reytinqə sahib Malta isə 4 pillə geriləyərək, 132-ci yerə yuvarlanıb. Adalıların aktivində 204 reytinq xalı var.
Cədvəlin üst sıralarında da maraqlı dəyişikliklər baş verib. Birinci pillənin sahibi İspaniya və onu təqib edən Almaniya mövqelərini qoruya bilsələr də, 1 pillə irəliləyən Braziliya Portuqaliyanı 3-cü yerdən sıxışdırıb çıxara bilib. Argentina və İsveçrə hərəyə 2 pillə irəliləyərək, müvafiq olaraq, 5 və 6-cı yerlərə yüksəliblər. Ötən ayla müqayisədə 1 addım geriləyən Uruqvay yığması 7-ci yeri mühafizə edir. İlk onluğun ən uğursuz komandası isə Kolumbiyadır. Cənubi amerikalılar 3 pillə geriləyərək, 8-ci mövqedə qərarlaşıblar. İlk onluğu isə İngiltərə millisi qapayır.
Qeyd edək ki, ötən müddətdə komandamız cəmi bir oyun keçirib. Mayın 28-də baş tutan ABŞ-la yoldaşlıq görüşündə yığmamız 0:2 hesabı ilə uduzub.