"Neftçi” klubunun futbolçusu Elnur Allahverdiyev və Bakının "İnter" komandasının baş məşqçisi Kaxaber Tsxadadze barədə AFFA İntizam Komitəsinin qəbul etdiyi qərarlar qüvvədə saxlanılıb. Sportnet.az-ın məlumatına görə, bu barədə AFFA-nın Apellyasiya və Ekspert Komitəsi iclas keçirilib. iclasda 5 məsələyə baxılıb.
Qeyd edək ki, Kaxaber Tsxadadze Topaz Premyer Liqasının XII turunda "Xəzər Lənkəran"la oyundan sonra rəqib komandanın idman direktoru Yunis Hüseynovla bir-birilərini təhqir etdikləri üçün 5 oyunluq cəzaya məruz qalıb. Həmin qarşılaşmanın ardından "İnter" cəmi 4 oyun keçirib və "Araz Naxçıvan"ın çempionatdan imtinası ilə əlaqədar bir tur istirahət edib. Bu isə o deməkdir ki, gürcüstanlı mütəxəssis dekabrın 21-də "Qəbələ" ilə səfər matçını da texniki zonadan kənarda qalacaq. O, yalnız gələn il - XIX turda "Sumqayıt"la qarşılaşmada iş başında olacaq. Elnur Allahverdiyev isə XIII turda elə Lənkəran komandası ilə qarşılaşmada əvvəlcə 2 sarı vərəqə ilə meydandan qovulduğundan, eləcə də matçdan sonra AFFA, Peşəkar Futbol Liqası və hakimi təhqir etdiyindən, üst-üstə 6 oyunluq cəzalanıb. Allahverdiyev cəzasının 4 oyunluq hissəsini geridə qoyub. "Neftçi" ilin son turunda meydana çıxmayacaq. Bu səbəbdən, təcrübəli müdafiəçi yalnız gələn il - XXI turda meydana çıxa biləcək. Həmin tur isə "Neftçi"nin rəqibi elə "Xəzər Lənkəran" olacaq.