"Xəzər Lənkəran” klubunun hücumçusu Ağabala Ramazanovun Sportnet.az-a müsahibəsi.
- Mustafa Dənizlinin istefasından sonra "Xəzər Lənkəran”a onun köməkçisi Oğuz Çətin baş məşqçi təyin olundu…
- Məşqçi təyin etmək futbolçunun işi deyil, onu rəhbərlik təyin edib. Kim təyin olunubsa, biz də onun istədiyi futbolu oynayacağıq. Oğuz Çətin bizə yad adam deyil, onu tanıyırıq. Digər tərəfdən də, ikinci məşqçinin baş məşqçi təyin olunmağı yaxşı oldu. Çünki biz onu, o da bizi yaxşı tanıyır. Aramızda fikir ayrılığı olmayacaq. Rəhbərlik kimi isitəyir, onu da baş məşqçi təyin edir. Biz də bu qərara hörmətlə yanaşırıq. Bizim işimiz futbol oynamaqdır, məşqçi təyin etmək deyil.
- Ötən mövsüm son dörd oyunda Oğuz Çətinin rəhbərliyi altında meydana çıxdınız və məğlub olmadınız (3 qələbə, 1 heç-heçə). Həmin matçlarda Çətin Mustafa Dənizlidən fərqli nə etdi ki, siz uduzmadınız?
- Deməzdim ki, fərq elə də çox idi. Amma Oğuz Çətin həmin oyunlarda xırda dəyişiklər etdi. Bunun nəticəsində də qalib gəldik. Çətin başqa futbol tələb edirdi, Mustafa Dənizli başqa. Oğuz Çətin xırda ötürmələr üzərində qurulmuş oyunu daha çox xoşlayır. Amma Mustafa Dənizlidə bir az fərqli idi. O, başqa futbol tələb edirdi. Futbolda bəxt də yaxşı şeydir.
- Sizcə, Oğuz Çətin Con Toşak və Mustafa Dənizli kimi kifayət qədər təcrübəli baş məşqçilərdən fərqli olaraq nəsə edib, komandaya uğur qazandıra biləcəkmi?
- Nə bilim vallah. Yaşayarıq, görərik. Rəhbərlik də, futbolçular da çalışır ki, hər şey yaxşı olsun. Rəhbərlik Oğuz Çətini baş məşqçi təyib edibsə, biz də çalışacağıq ki, onun dediyini edək.
- "Xəzər Lənkəran”da bir problem olanda hamı, bütün azarkeşlər sabiq baş məşqçiniz Mirça Rednikin komandaya gətirilməsini istəyir. Sizcə, bu nə ilə bağlıdır?
- Mən onun səbəbini bilmirəm.
- Sizcə, gələn mövsümdən "Xəzər Lənkəran” əvvəlki uğursuzluqları arxada qoyub, yenidən iddialı ola biləcəkmi?
- Ümid edirəm ki, yaxşı olar.
- Eşitdiyimizə görə digər klubların maraq dairəsindəsiniz...
- "Xəzər Lənkəran”la hələ 1 il müqaviləm var. Mətbuatda yazırlar ki, klubdan ayrılacağam. Bunların hamısı boş şayiələrdir. Düzdür, 4 yerli klubdan təklif almışam, amma heç bir yerə getmək fikirim yoxdur. Mən "Xəzər Lənkəran”da qalmağa üstünlük verirəm.
- Təklif göndərənlər arasında paytaxt klubları da var?
- Bəli, paytaxtdan da, başqa klublardan da var. Amma mən "Xəzər Lənkəran”da xoşbəxtəm.
- Azərbaycanlı futbolçular tez-tez Türkiyə I Liqasında çıxış edən klublara üz tuturlar. Sizə də oradan təklif gəlib?
- Mən orada oynamaram.
Elmar VƏLİYEV