
"Bakı"nın hücumçusu və 9 qolla Premyer Liqanın bombardiri Nurlan Novruzovun Sportnet.az-a müsahibəsi
- "Bakı" dünən fasilədən sonra məşqlərə başladı. Lakin məqşdə nə sən, nə də Rəhman Hacıyev iştirak edib. Buna səbəb nədir?
- "Bakı" ilə problemlər yaranır. Demək olar ki, futbolçu karyeramı bitirmək üzrəyəm.
- Bu məsələdə ciddisən?
- Nə edəcəm başqa, siz məsləhət verin edim.
- "Bakı"da qala bilərsən məsələn.
- "Bakı"da qal demək asandı. 15 aydır evdən pul alıram, daha həqiqətən üzüm yoxdur ailəmdən yolpulu almağa.
- Axı, klub imkanlı vaxtlarında səni maaşla təmin edib.
- Belə deyirsiniz, amma mən də hambal və ya qul deyiləm. Mənim də maddi tərəfdən ehtiyaclarım var. Düzdür, yaxşı günlərdə pulumu veriblər, amma mən də kef eləməmişəm. Qarda, palçıqda, 38 dərəcə istidə məşq edib, futbolumu oynayıb, klubun uğurları üçün çalışmışam. Bu dövrdə kimsə heçnəsiz adama pul verir? Lakin mən 15 ay "Bakı"dan pul almamışam. Həmin pulları da istəmirəm. Başqa komandaya keçmək istəməyimdə haqqlıyam. 15 ay dözmüşəm. Artıq mənim pulsum oynamağa nə səbrim, nə də pulum qalıb.
- Yaşar Seyidov deyir ki, Nurlan borcumuz yoxdur.
- Nurlanın ağlı yoxdur ki, klub pulunu vaxtında verir, amma o komandadan getmək istəyir ? Siz Allah, camaat nə uşaqdır, nə də kor. Hamı yaxşı bilir məsələ nədir, ayıbdır!
- Bir ara adın "Neftçi" ilə birgə hallanırdı. O məsələ niyə alınmadı?
- Mən "Neftçi" rəhbərliyi ilə konkret 1 illik müqavilə imzalamaq isyəyirdim. Onlar da razılaşmışdılar. Lakin sonra onlar mənimlə 3 və ya 5 illik müqavilə bağlamaq istədiklərini dedilər. Bu da mənə heç cür sərf eləmədi.
- İndi dəqiq nə etmək fikrindəsən? AFFA-ya şikayət edib müqaviləni pozdurmaq niyyətin var?
- Hələlik gözləyirəm, görək nə olur. Mən qərarımı vermişdim, amma atam icazə vermir. Mənə əsas olan atamın qərarıdır.
- Atan futbolçudur?
- Futbolçu olmağı vacibdir ki ?
- O mənada soruram ki, belə məsələrdə daha peşəkar qərar verə bilərmi?
- Atam "Bakı"nın bazasına gedərək, xahiş edib ki, məni komandadan buraxsınlar. Amma ona hörmət qoymayıblar. Atamın 60 yaşı var, amma uşaq kimi aldadıblar. Ona görə də indi atam mənə icazə vermir ki, bir daha "Bakı"nın bazasına ayağımı qoyum.