Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunan "Shamkir Chess 2019" superturnirinin qalibi müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, hazırkı dünya çempionu norveçli Maqnus Karslsen sona bir tur qalmış rəqibləri üçün əlçatmaz olub. Karlsen VIII turda qara fiqurlarla Rusiya təmsilçisi Sergey Karyakini məğlub edərək xallarının sayını 6-a yüksəldib. O, Karyakindən əlavə, rusiyalı digər ən yaxın izləyicisi Aleksandr Qrişuk üçün də əlçatmaz olub.
Azərbaycan şahmatçılarından Teymur Rəcəbov hindistanlı Vişvanatan Anandla, Şəhriyar Məmmədyarov isə hollandiyalı Aniş Giri ilə heç-heçə edib.
Maqnus Karlsen daha öncə 2014, 2015 və 2018-ci illərdə bu turnirin qalibi olub.
"ShamkirChess 2019"
VIII tur
8 aprel
Sergey Karyakin (Rusiya) – Maqnus Karlsen (Norveç) - 0:1
Teymur Rəcəbov (Azərbaycan) - Vişvanatan Anand (Hindistan) - 0,5:0,5
Veselin Topalov (Bolqarıstan) – Dinq Liren (Çin) - 0,5:0,5
Alekandr Qrişuk (Rusiya) – David Navara (Çexiya) - 1:0
Aniş Giri (Hollandiya) – Şəhriyar Məmmədyarov (Azərbaycan) - 0,5:0,5
Qeyd edək ki, 8 turdan sonra 6 xala malik Maqnus Karlsen ən yaxın izləyiciləri Aleksandr Qrişukla Sergey Karyakini 1,5 xal geridə qoyur. Vişvanatan Anand, Veselin Topalov, Dinq Liren və Teymur Rəcəbov 4 xalla 4 - 7-ci yerlərdədirlər. David Navara 3,5 xalla 8-ci, Şəhriyar Məmmədyarov 3 xalla 9-cu, Aniş Giri isə 2,5 xalla 10-cu sıradadır. Turnirə aprelin 9-da yekun vurulacaq.