Kişilər arasında şahmat üzrə ilk Azərbaycan çempionu Rauf Hacılının 50 yaşı tamam olur.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, Hacılı 1972-ci il 16 yanvar tarixində Sumqayıt şəhərində anadan olub.
Ömrünün böyük hissəsini şahmata həsr edən R. Hacılı 1992-ci ildə keçirilən müstəqil Azərbaycanın ilk çempionatının qalibi olub. İki il sonra ikinci dəfə ölkə çempionu titulunu qazanan səbəbkar müxtəlif beynəlxalq turnirlərdən Vətənə medalla qayıdıb, təxminən 7 il kişilərdən ibarət Azərbaycan yığmasının heyətində komandalar arasında Avropa çempionatı və Ümumdünya Şahmat Olimpiadalarında çıxış edib. Müxtəlif illərdə yeniyetmələrdən ibarət Azərbaycan yığmasının məşqçisi olub.
1996-cı ildən məşqçiliyə başlayan Rauf Hacılı ölkədə yeni şahmat nəslinin inkişafında da yaxından iştirak edib. Tanınmış şahmatçı Avropa çempionu Vüqar Həşimov R.Hacılının ilk tələbələri sırasında olub. Sonrakı illərdə R.Hacılı hazırda milli komandanın üzvləri olan Nicat Məmmədov və üçqat Avropa çempionu Rauf Məmmədovla işləyib.
Beynəlxalq usta Rauf Hacılı həm də şahmat üzrə beynəlxalq hakim dərəcəsinə malikdir.
2002-ci ildən aktiv şahmatdan ayrılan Rauf Hacılı hazırda ixtisası üzrə Azərbaycan Beynəlxalq Bankında işləyir.