Avqustun 5-si Azərbaycan futbol tarixinə qızıl hərflərlə düşə biləcək bir gün ola bilər. Çünki bu gün ölkəmiz 1994-cü ildən təmsil olunduğu avrokuboklarda tarixi ilkə imza atmaq imkanına malikdir. Bu da Çempionlar Liqasında (ÇL) ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanmaqdır. Həmin tarixi uğura "Qarabağ” "Seltik” kimi məşhur, turnir Çempionlar Kuboku adlananda onun qalibi olan güclü rəqibi keçməklə imza ata bilər.
Hələ ki əlçatmaz olan pley-off mərhələsi
Azərbaycan Avropanın ən nüfuzlu klub turnirində 1997-ci ildən təmsil olunur. Bu yarışda ilk uğurumuz ilk dəfə 2000-ci ildə "Şəmkir”in timsalında mərhələ keçməyimiz oldu. Onda güclü "Skonto” məhz Tofiq Bəhramov adına Respublika stadionunda ələva vaxtda 4:1 hesablı qələbə ilə mübarizədən kənarlaşdırıldı. "Şəmkir”in ardından "Neftçi” 3, "İnter”lə "Bakı" hərəyə 1 dəfə ÇL-də mərhələ adladı.
Həmin vaxtlar çempionlarımız mübarizəyə I təsnifat mərhələsindən başlayırdı. 2009-cu ildən isə Azərbaycan çempionu birbaşa II təsnifat mərhələsinə buraxıldı. Bu, "Bakı”yla başladı və ilk dəfə III təsnifat mərhələsinə onunla Litvanın "Ekranas” klubunu keçməklə vəsiqə qazandıq. Ancaq ÇL-də pley-off mərhələsi ölkəmiz üçün hələ də əlçatmaz olaraq qalır. "Bakı”dan sonra 2012-ci ildə "Neftçi”, 2014-cü ildə isə "Qarabağ” III təsnifat mərhələsinə yüksəldi. Ancaq birində İsparilin "Hapoel” (Kiryat-Şmona), digərində Avstriyanın "Zalsburq” klubu qarşımızda sədd oldu. Budəfəki rəqib isə daha güclüdür – Şotlandiyanın ən titullu klublarından biri, ÇL-nin qrupunda dəfərlərlə oynamış və "Barselona”nı məğlub etmiş komanda.
"Bakı”yla "Neftçi” III təsnifat mərhələsindəki ilk oyunlarında 2-3 top fərqiylə yenilməklə, cavab matçlarını formallığa çevirdilər. "Qarabağ” isə ötən il "Zalsburq” a evdə 2:1 hesabı ilə qalib gəlməklə intriqanı Avstriyadakı cavab matçında saxladı. Ancaq təəssüf ki, orada 0:2 hesablı məğlubiyyət mərhələ keçməyimizə imkan vermədi. III təsnifat mərjələsində Azərbaycana yeganə qələbəni qazandıran "Qarabağ” bu dəfə ona mərhələ adlamağa imkan verən qalibiyyəti əldə etməlidir. Bu isə ən azı 2 top fərqiylə olmalıdır. Təbii ki, rəqib meydanında qol vurmadığından, öz qapını toxunulmaz saxlamaq əsas şərtlərdəndir. Əks halda, 2 oyunun nəticəsinə görə hesab bərabər olarsa belə, şotlandlar səfər qoluna görə cütün qalibi olacaqlar.
Əlavə vaxt, penaltilər seriyası və İhrahim Şehiç qəhrəman?
Fikrimcə, "Qarabağ”ın fasiləyədək hesabı açmaqla nəticəyə doğru böyük addım atmış olacaq. Əvvəla, bu zaman azarkeş dəstəyi daha da güclü olacaq və çempionumuz psixoloji baxımdan böyük üstünlük qazanacaq. Mərkəzi arenamızın tam dolacağı indidən heç kimdə şübhə doğurmur. "Seltik”in hesabı bərabərləşdirmək üçün böyük qüvvəylə irəli atılmağa məcbur olması Qurban Qurbanovun yetirmələrinə əks-hücumlar zamanı yaxşı qol imkanları yaradacaq. Komandanın fərdi oyun keyfiyyətləri ilə seçilən braziliyalı liderləri – Reynaldo Silvay və Riçard Almeydaya qol ümidlərim daha böyükdür. Məncə, bu oyunda əlavə vaxt olacaq və pley-off iştirakçısının adına həmin 30 dəqiqədə, hətta bəlkə oyunsonrası penaltilər seriyasında aydınlıq gəldi. "Qarabağ”ın bosniyalı qapıçısı İbrahiç Sehiç Qlazqoda buraxılan qola görə qınanılsa da, ona böyük ümidlərim var və məncə, oyunun əsas qəhrəmanlarından biri olacaq.
Bu oyun nəinki ÇL-də, ümumiyyətlə, avrokuboklarda ən böyük uğurlarımıza şahid olan Respublika stadionunda keçiriləcək. Ancaq mərkəzi arenamızda oyun öncəsi qazonda yaranan problemlər heç yerinə dümədi. Çünki məhz belə vacib oyunda "Qarabağ” kimi komandaya yaxşı ot örtüyü çox lazımdır. "Tofiq Bəhramov"la bağlı statistika isə gələcəyə nikbin baxmağa əsas verir. Belə ki, Ağdam klubu 2009-cu ildən, Qurban Qurbanovun baş məşqçiliyi dövründə uğurla çıxış etdiyi avrokuboklarda bütün ev oyunlarını Respublika stadionunda keçirib və təsnifat mərhələsində müsbət balansa malikdir.
0:1 tilsimi qırıldı
Səfərdə ilk oyunda 0:1 hesablı məğlubiyyət klublarımız üçün uzun illər arzuolunmaz hesab olub. Belə ki, vaxtilə "Kəpəz”, "Bakı fəhləsi”, "Şəmkir”, "Viləş”, "Olimpik” bunun əvəzini çıxa bilməyib. Özü də "Kəpəz”lə "Şəmkir” hərəyə 2 dəfə belə aqibətlə üzləşib. Ancaq artıq bu tilsim qırılıb. Belə ki, elə bu mövsüm "Qəbələ” Avropa Liqasının II təsnifat mərhələsində "Çukariçki”yə Serbiyadalı 0:1 hesablı məğlubiyyətin əvəzini Bakıda 2:0 hesablı qələbəylə çıxması sayəsində mərhələ adladı. Buna isə komandamızda bir sıra ilklərə imza atan ukraynalı baş məşqçi Roman Qriqorçuk nail oldu. Necə deyərlər, Qriqorçuk başladı, Qurbanovla davamı olsun.
"Qarabağ” üçün növbəti tarix yazmaq nə qədər böyük motivasiya olsa, bu, həm də müəyyən nəticənin qazanılması deməkdir. Məsələ ondadır ki, ÇL-nin pley-offuna çıxmaq Avropa Liqasının qrupuna vəsiqəni artıq özün üçün təmin etmək deməkdir. Yəni çempionların turnirində qrupa düşə bilməsən, o birilərin qrup mübarizəsində yer alacaqsan. Ancaq istənilən halda, "Seltik”lə oyun Qurban Qurbanovun komandası üçün avrokuboklarda bu mövsüm sonuncu olmayacaq. Şotlandiya səddini keçmək mümkün olmasa, mübarizəni Avropa Liqasının pley-off mərhələsində davam etdirmək hüququndan istifadə edəcəyik.
Mehman SÜLEYMANOV