Azərbaycan Cüdo Federasiyasında vitse-prezident Sadıq Sadıqovun rəhbərliyi altında iclas keçirilib.
Sportnet.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, iclasda federasiyanın baş katibi Elmar Babanlı, Daimi Fəaliyyət Komissiyasının sədri Ağayar Axundzadə, baş katibin müavini Elnur Əşrəfoğlu, əsas və gənclərdən ibarət milli komandaların aparıcı cüdoçuları iştirak edib. Kişilərdən ibarət cüdo millimizin Tokio Olimpiadasındakı uğursuz çıxışı əsas götürülərək millimizin məşqçilər heyəti bütünlüklə istefaya göndərilib. Belə ki, ukraynalı baş məşqçi Ruslan Maşurenko başda olmaqla, onun bütün köməkçiləri komandadan göndərilib.
Həmçinin yüksək əmək haqqı alan cüdoçuların maaşlarının onların son bir ildə beynəlxalq nüfuzlu yarışlardakı nəticələrinə uyğun ödəniləcəyi barədə qərar verilib. Kişilərdən ibarət cüdo üzrə milli komandanı çalışdırmaq müvəqqəti olaraq gənclərdən ibarət millinin baş məşqçisi Elçin İsmayılova tapşırılıb.
---------------------------
Cüdo üzrə kişilərdən ibarət Azərbaycan milli komandanın məşqçilər heyətində dəyişiklik edilib.
Sportnet.az xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini Elnur Əşrəfoğlunun "Report"a verdiyi məlumata görə, səbəb kimi yığmanın Tokio-2020 Yay Olimpiya Oyunlarında zəif çıxışı göstərilib.
Ukraynalı baş məşqçi Ruslan Maşurenko, aralarında Elxan Məmmədov, Nazim Hüseynov və Mehman Əzizov da olmaqla, bütün köməkçiləri komandadan göndərilib. Milli komanda müvəqqəti olaraq, üçqat Avropa çempionu Elçin İsmayılova həvalə olunub. İsmayılov həm də gənclərdən ibarət yığmanın baş məşqçisidir.
Qeyd edək ki, cüdo üzrə kişilərdən ibarət yığma Tokio-2020-də tam heyətlə təmsil olunsa da, heç bir medal qazana bilməyib. Yalnız qadın cüdoçu İrina Kindzerska (+78 kq) bürünc medalla kifayətlənib.
Kişilərdən ibarət yığmanın məşqçilər heyətinin istefaya göndərildiyi barədə ilk xəbəri oxu.az yazıb.