
"Gələcək planlarla bağlı hələ konkret bir fikrim, qərarım yoxdur".
Sportnet.az xəbər verir ki bunu teleqraf-a açıqlamasında Macarıstanın "Vaşaş" klubundan ayrılan Azərbaycan milli komandasının qadın voleybolçusu Ayşən Abduləzimova deyib.
Təcrübəli oyunçu 6 il ərzində bir çox uğurlar qazandığını bildirib: "İstər Macarıstan çempionatında və kubokunda, istərsə də avrokuboklarda yaxşı nailiyyətlər əldə etdik.
Deyə bilərəm ki, ən yüksək nəticələri məhz bu komandanın heyətində qazanmışam. Buradakı çıxışımın və uğurların ən yüksək səviyyəsinə çatdım. Ona görə də məhz indi klubdan ayrılmaq qərarına gəldim. Əlbəttə, bu qərar heç də asan olmadı, amma hər bir idmançının, voleybolçunun karyerasında dəyişikliklər olur və mənim də qərarım bu mövsümə təsadüf etdi".
Abduləzimova kifayət qədər gərgin və sıx qrafiklə keçən mövsümdən sonra müalicə və istirahət etməli olduğunu vurğulayıb.
Qeyd edək ki, Ayşən Abduləzimova "Vaşaş"la 5 dəfə Macarıstan çempionu və eyni sayda ölkə kubokunun qalibi olub.