Voleybolçu qadınlar arasında Azərbaycan Super Liqasında XIV turun oyunları keçirilib. Sportnet.az-ın məlumatına görə, əvvəlcə Gənclik Olimpiya Kompleksində "Telekom"la "Azərreyl" üz-üzə gəlib.
Görüş Zoran Qayiçin komandasının qələbəsi ilə yekunlaşıb - 3:1 ((25:23, 25:23, 19:25, 25:23). Bu qələbə sayəsində "Telekom" 31 xalla 1-ci pillədə qalıb. Ehtiyatda bir oyunu olan "Azərreyl" isə 27 xalla 2-cidir.
Bu qarşılaşmanın ardından Voleybol Mərkəzində "Lokomotiv"lə "Azəryol" üz-üzə gəlib. Çempionlar Liqası və CEV Kubokunda mübarizəni davam etdirən komandaların dueli kifayət qədər gərgin alınıb. Gah "Azəryol", gah da "Lokomotiv"in öndə olduğu görüşün taleyi "tay-breyk"də həll olunub. Bu zaman setin sonuna doğru Ziya Rəcəbovun komandası 3 top fərqi ilə geridə olduğu vaxt "taym-aut" götürüb. Komandalar meydana qayıtdıqdan sonra "Azəryol" dönüş edib və sonda qələbəni təmin edib - 3:2 ( (25:16, 23:25, 18:25, 25:21, 16:14).
Bununla belə, "Lokomotiv" 14 oyundan 27 xalla 3-cü pillədə qalıb. "Azəryol" isə 12 oyundan 20 xalla 4-cüdür.






































































