Milli Basketbol Assosiasiyasında (NBA) çıxış edən “Yuta Caz”ın oyunçusu Rudi Qober koronavirusa yoluxduqdan sonra ölümlə hədələnib.
“Report” xəbər verir ki, fransalı oyunçu bu barədə “The Salt Lake Tribune” nəşrinə açıqlamasında bildirib. Qober müntəzəm çempionatın dayandırılmasında insanların onu günahkar bildiklərini söyləyib: "Bütün bunların başında məni görürdülər və ünvanıma çoxlu hədələr gəlirdi. Amma eyni zamanda minlərlə insanın həyatını xilas edə və xeyli insanı infeksiyadan qoruya bildiyimə görə xoşbəxt idim. NBA çempionatını dayandırmaqla yaxşı iş gördülər, 20 ildən sonra geriyə baxanda buna çox sevinəcəyik”.
Qeyd edək ki, NBA mövsümü martın 12-də koronavirusa görə dayandırılıb. Rudi Qober koronavirus testinin müsbət nəticələnməsindən öncə mətbuat konfransında bütün mikrofonlara toxunaraq "Koronavirus yoxdur" deyə zarafat edib. O, daha sonra davranışına görə üzr istəyib.