"Avropa çempionatının bizim üçün belə nəticə ilə bitməsinə təəssüflənirəm. Məlum səbəblərdən yığma komandamız istənilən oyunu göstərə bilmədi".
Sportnet.az-ın məlumatına görə, bunu Azərbaycan millisinin voleybolçusu Ayşən Abduləzimova Avropa çempionatındakı çıxışları barədə danışarkən deyib. O, paylaşımında tezliklə yenidən daha güclü komanda kimi meydana dönəcəklərini vurğulayıb: "Bu, elə bir vəziyyətdir ki, hər komanda üzləşə bilər. Əlbəttə, bu, bəhanə deyil. Sadəcə, yarışın bizim üçün belə bitməsini özümüz də istəməzdik. Qitə birinciliyində çıxış etdiyimiz bu günlərdə bizə dəstək olan hər kəsə təşəkkürümü bildirirəm. Çox sağ olun ki, məğlub olmağımıza baxmayaraq, oyunların hamısını canlı izlədiniz, bizə dəstək oldunuz. Çox istərdim ki, azarkeşlərimizi qələbələrlə sevindirək, amma olmadı".
Bununla yanaşı, Abduləzimova yenidən əvvəlki qalib komanda olacaqlarına əminlik ifadə edib: "Ardıcıl 9 dəfə Avropa çempionatında çıxış edən millimiz yenidən əvvəlki illərdəki kimi, uğurlu nəticələr üçün meydana çıxacaq. Bir daha dəstəkləriniz üçün hamınıza "çox sağ ol" deyirəm. Gözəl oyunlarımızın olacağı, qələbə və uğurlu nəticələr qazanacağımız növbəti yarışlarda görüşənədək".
Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatında keçirdiyi 5 matçda cəmi 1 set qazanıb.