Elşən MƏMMƏDOV
Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsen Azərbaycandakı bütün kommersiya turnirlərinə sevə-sevə dəvət edilib. Üç dəfə qalib olduğu ShamkirChess-də ona lazımınca diqqət və qayğı göstərilib, xeyli maddi qazancla ölkəsinə qayıdıb.
Amma belə yüksək hörmətin qarşılığında Karlsen aprelin 18-də keçirəcəyi 250 min dollar mükafat fonduna malik onlayn şahmat turnirinə Azərbaycanın aparıcı qrossmeysterlərindən nə Teymur Rəcəbovu, nə də Şəhriyar Məmmədovu dəvət edib. Əvəzində o, 8 iştirakçı sırasında erməni Levon Aronyana da yer verib.
Bu yaxınlarda isə bütün dünya İddiaçılar Turnirinin yarımçıq dayandırılması səbəbindən FIDE-ni tənqid edərək, öncədən yarışın təşkilinə qarşı çıxan Teymur Rəcəbovu haqlı çıxardığı halda, Karlsen azərbaycanlı qrossmeysterlə polemikaya girmiş, onun yarışa hazır olmadığını iddia edərək, bəhanə ilə turnirdən imtina etdiyini bildirmişdi.
Vaxtilə isveçli Nobel qardaşlarının Azərbaycan neftindən sümürdüyü pullar hələ də ona-buna, o cümlədən, Bakıda qırğınlar törətmiş Qorbaçova mükafat adı ilə paylanmaqdadır. İndi də başqa bir skandinaviyalı - Maqnus Karlsen Azərbaycandan çamadanlarla daşıdığı pulu ona-buna, o cümlədən erməni Levon Aronyana yedizdirmək fikrinə düşüb.
Bu ədalətsizliyə isə bizimkilər - Teymur Rəcəbovla Şəhriyar Məmmədyarov hələ də dözür...