
2020/2021-ci il mövsümünün başlama tarixi hələ müəyyənləşməyib.
Bu barədə Sportnet.az-a Peşəkar Futbol Liqasının (PFL) texniki idman şöbəsinin rəisi Elgiz Abbasov məlumat verib.
O, qarşıdakı mövsümə hazırlıqlarını ənənəvi qaydada davam etdirdiklərini bildirib: "PFL mövsüm yekunlaşdıqdan sonra yeni mövsümə necə hazırlaşırsa, indi də elədir. Burada proqram təminatının yenilənməsi, müqavilə və əsasnamə ilə bağlı məsələlər var. Beynəlxalq təcrübəyə baxırıq görək, hansı yeniliklər var və nələri tətbiq edə bilərik. Hazırda bunlarla məşğuluq".
AFFA İcraiyyə Komitəsinin iyunun 18-də keçirilmiş iclasında ölkədaxili futbol yarışlarının keçirilməsi və milli komandaların təlim-məşq toplanışları üçün təqvim planının hazırlanması məqsədilə İşçi Qrupun yaradılmasına qərar verilib.
AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Firuz Abdulla Spotnet.az-a açıqlamasında bildirib ki, hələlik belə bir İşçi Qrup yaradılmayıb. O, AFFA İcraiyyə Komitəsinin qərarından sonra ölkədə sərt karantin rejiminin tətbiq edildiyini və federasiya işçilərinin tam tərkibdə işə çıxmadığını vurğulayıb.