Türkiyənin "Qalatasaray" klubu UEFA Çempionlar Liqasında qazandığı uğurların ardından futbolçular üçün böyük mükafat hazırlayıb.
Sportnet.az xəbər verir ki, İstanbul təmsilçisi 1/8 final mərhələsində İtaliya "Yuventus"unu mübarizədən kənarlaşdırdıqdan sonra həm idman, həm də maliyyə baxımından böyük qazanc əldə edib.
UEFA martın 27-də klubun hesabına 11,8 milyon avro köçürəcək. Rəhbərlik bu məbləği əsasən futbolçuların gözləyən mükafatlarının ödənilməsinə yönəltməyi planlaşdırır.
Vəsait hesabına Çempionlar Liqasının 1/8 finalında qazanılan uğura görə komanda üzvlərinə və həmçinin Türkiyə çempionatında "Beşiktaş" üzərində səfər qələbəsinə görə nəzərdə tutulan mükafatlar ödəniləcək.
İstanbul klubunda əsas motivasiya isə növbəti mərhələ ilə bağlıdır. Komanda 1/4 finala vəsiqə uğrunda cavab görüşündə İngiltərədə "Liverpul"un qonağı olacaq.
Məlumata görə, prezident Dursun Özbek komandanın rəqibi mübarizədən kənarlaşdıracağı halda futbolçulara 5 milyon avro mükafat veriləcəyini vəd edib. Bu məbləğ Türkiyə futbolunda avrokubok matçı üçün vəd edilən ən böyük mükafatlardan biri sayılır.
Hazırda “Qalatasaray”ın bu mövsüm Çempionlar Liqasından qazancı 53,5 milyon avroya çatıb. Komanda “Liverpul” səddini də keçsə, UEFA-nın 1/4 final üçün ayırdığı əlavə 12,5 milyon avro da bu məbləğə əlavə olunacaq və ümumi gəlir 66 milyon avroya çatacaq.













































































